Məktəbəqədər təhsil müəssisələrində yeni işə başlayan gənclərlə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq yeni işə qəbul olunan gənc kadrlarla görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbəqədər təhsil müəssisələri üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, hazırda 19 məktəbəqədər təhsil müəssisəsi üçün binalar tikilir və ya yenidən qurulur. Naxçıvan şəhərində inşa olunan 8 nömrəli Uşaq bağçası-Körpələr evi də yaxın vaxtlarda istifadəyə veriləcək. Bağçada uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" 22 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb. Təhsil müəssisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb.
Diqqətə çatdırılıb ki, məktəbəqədər təhsil müəssisələrində çalışan, sertifikatı olmayan 44 dayə, 39 aşpaz, 3 dərzi, 2 qazanxana maşinisti və 28 gözətçi olmaqla, ümumilikdə 116 nəfər müvafiq peşə kurslarına cəlb edilib və sertifikatla təmin olunub.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Test mərhələsində ən yüksək nəticə göstərən 19 tərbiyəçi-müəllim, qabiliyyət və klinik tapşırıq mərhələsində yüksək nəticə göstərən 6 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə 26 kadr müvafiq vəzifələrə təyin olunub.
Təhsil naziri gənc kadrları yeni işə təyin olunmaları münasibətilə təbrik edib, onlara gələcəyimiz olan uşaqların düzgün tərbiyə edilməsi, məktəbə hazırlanmasına diqqətin artırılması yolunda səylə çalışmalarını tövsiyə edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Aynur Əhmədova və Naxçıvan şəhər 8 nömrəli Uşaq bağçası-Körpələr evinin tərbiyəçi-müəllimi Xavər Abbasova tədbirdə çıxış edərək muxtar respublikada gənc kadrlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə yeni qəbul olunan tərbiyəçi-müəllimlərin və musiqi rəhbərlərinin bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq məqsədilə 27-29 iyul tarixlərində 3 günlük seminar da təşkil olunub. Seminarda “Müəllimlərin etik davranış qaydaları”, “Tərbiyəçi-müəllimin və musiqi rəhbərinin vəzifələri”, “Sənədləşmə işlərinin aparılması qaydaları” mövzularında gənc kadrlara geniş məlumatlar verilib.
Həmçinin Bakı şəhərindən dəvət olunan psixoloq Zülfiyyə İlyasova tərəfindən “Bağçaya yeni qəbul olunan uşaqların adaptasiyası”, “İnkluziv təlim” mövzularında pedaqoji heyətə geniş biliklər aşılanıb.
Təhsil naziri Rəhman Məmmədov seminarı uğurla başa vuran gənc kadrlara sertifikatlar təqdim edib.
Sonda məktəbəqədər təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları üçün 3 cilddə 3 mindən artıq dərslik verilib.
Qeyd edək ki, hazırda məktəbəqədər təhsil müəssisələrində 51 məktəbə hazırlıq qrupunda 764 uşaq təhsil alır. Təhsil naziri təhsil müəssisələrinin rəhbərlərinə uşaqlarla işin təhsilin dövlət standartları və məzmunu əsasında qurulması, həmçinin uşaqların müəyyən olunmuş normativlərə uyğun qidalanmasının diqqətdə saxlanılması, məktəbəhazırlıq qruplarında tədrisin dərsliklər və tədris proqramı əsasında həyata keçirilməsi və uşaqların qəbulunun nizamnaməyə uyğun aparılması ilə bağlı tapşırıqlar verib.
Novruz Məmmədov