Məktəbəhazırlıq qruplarının müəllimləri üçün seminar keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 2022-2023-cü tədris ilində şəhər ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisi təşkil edəcək müəllimlər üçün seminar keçirilib.
Seminarda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupunda tədris aparacaq müəllimlər iştirak edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Gülxarə Tarverdiyeva bildirib ki, seminarın keçirilməsində məqsəd beşyaşlı uşaqların məktəb təliminə hazırlığı və bu sahədə təhsil prosesinin təşkil edilməsi ilə bağlı müəllimləri məlumatlandırmaqdır.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin məktəbəhazırlıq müəllimi Vəfa Xəlilova və 10 nömrəli tam orta məktəbin məktəbəhazırlıq müəllimi Həyat Paşayeva uşaqların erkən yaş dövründən intellektual, əqli, fiziki və nitq qabiliyyətlərinin inkişafının, sadə əmək vərdişlərinə yiyələnməsinin, istedad və qabiliyyətinin üzə çıxarılmasının əhəmiyyəti barədə seminar iştirakçılarına geniş məlumatlar veriblər.
Seminarda məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” mövzularında müəllimlərə geniş izahatlar verilib.
Seminar 3 gün müddətində davam edəcək.
Novruz Məmmədov