Naxçıvanda ilk dəfə olaraq mühəndis melioratorlar müsabiqə yolu ilə işə qəbul olunur

A- A A+

Naxçıvan Muxtar Respublikası  Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə ilk dəfə keçirilən müsabiqəyə  26 vakant vəzifə çıxarılıb. Vakant vəzifələrin  tutulması üçün 15 namizəd qeydiyyatdan keçib.

İki mərhələdən ibarət müsabiqənin test imtahanında hər bir namizədə ümumilikdə 100 olmaqla, qanunvericiliyə dair 40, Azərbaycan dilinə dair 15, məntiqə dair 30, informasiya və kommunikasiya texnologiyalarına dair 15 test tapşırığı təqdim edilib.

Test imtahanında ən azı 60 bal toplamış ali təhsilli və 45 bal toplamış orta ixtisas təhsilli namizədlər bu mərhələdən keçmiş sayılır və zəruri sənədləri təqdim etməklə müsahibə mərhələsinə buraxılırlar.

Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və vakant vəzifəyə təyin edilmək üçün təqdim edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarına əsasən keçirilən müsabiqənin nəticələrinə görə imtahanda iştirak edən 14 namizəddən 8-i keçid balını toplayıb və müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: