Naxçıvanda təhsil işçilərinin konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları və qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2021-2022-ci tədris ili ərzində də davam etdirilib, Şərur rayonunun Dərvişlər, Çərçiboğan, Babək rayonun Göynük, Ordubad rayonunun Əndəmic, Dırnıs kənd tam orta məktəblərinin və Babək rayonun Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilib, məktəblərin maddi-tədris bazası gücləndirilib. Hazırda Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey, STEAM Təlim-Tədris Mərkəzi, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçası, Distant Tədris Mərkəzi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunda Sirab, Vayxır kənd və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri, Ordubad rayonunda Pəzməri, Xanağa, Unus, Kələki və Azadkənd tam orta məktəbləri, o cümlədən Babək və Şahbuz rayonlarında məktəbdənkənar tərbiyə müəssisələrinin tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə 2022-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ümumtəhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilib.
Nazir diqqətə çatdırıb ki, hesabat dövründə təhsilin inkişafında xidmətlərinə görə 4 müəllim Azərbaycan Respublikasının, 6 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adları, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunublar. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə STEAM təhsili və idman sahəsində fərqlənən 2 şagirdin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 dekabr tarixli Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Həmçinin Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, "STEAM" təhsil festivalı keçirilib. Hazırda isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır.
Vurğulanıb ki, ötən tədris ilində kadr hazırlığı istiqamətində zəruri tədbirlər həyata keçirilib, 1200-dən çox müəllim müxtəlif təlimlərə, kurslara cəlb olunub, təhsilverənlərin sertifikasiyası aparılıb. İşə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 195-i müəllim, 52-si isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunub, 1543 müəllimə sertifikat verilib. 2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə də işə qəbul üçün müsabiqə elan edilib, 26 gənc kadr müvafiq vəzifələrə təyin olunub. Müəllimlərin işə qəbulu müsabiqəsində ən yüksək nəticə göstərən 163 gənc kadr 2022-2023-cü tədris ilindən pedaqoji fəaliyyətə başlayacaqdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 8-i qalib olub.
Məzunların buraxılış və qəbul imtahanlarındakı nəticələrini təhlil edən təhsil naziri bildirib ki, 250-300 bal arası nəticə göstərən məzunların sayı ötən ildəki göstəricidən 49, 200 baldan yuxarı nəticə göstərənlərin sayı isə ötən ilki göstəricidən 6 faiz çoxdur. 600-700 arası bal toplayan məzunların sayı da ötən ilə nisbətdə 36 faiz artıb. 254 nəfər isə 500-700 arasında bal toplayıb. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləridir.
Qeyd olunub ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi, Məktəblilərin Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi, SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilib, olimpiada və müsabiqələrdə muxtar respublika üzrə 5258 şagird iştirak edib, onlardan 329-u qalib olub.
Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlara da nəzər salıb, bununla bağlı müvafiq tapşırıqlar verib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, konfransın qərarı qəbul edilib.
Sonda “Naxçıvan təhsili müstəqillik illərində” filminə baxış olub.
Adilə Səfərova