Daşqınlar, quraqlıq, dəniz səviyyəsinin qalxması və digər təbii proseslər ötən il Afrika qitəsində 2,5 milyon insanı öz vətənini tərk etməyə məcbur edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Ümumdünya Meteorologiya Təşkilatının Afrika qitəsi barədə hesabatında yer alıb.
Hesabatda qeyd edilir ki, son 30 ildə Afrikada orta illik temperatur 0,3 dərəcə artıb. 1961-1990-cı illəri əhatə edən dövrdə temperaturun artımı 0,1 dərəcə olub və son 30 ildə istiləşmə tempində artım mövcuddur. İlk baxışdan bu göstərici ciddi rəqəm təsiri bağışlamasa da, qlobal vəziyyətlə müqayisədə Afrika sahillərində dənizin səviyyəsi daha sürətlə artmaqdadır. Eyni zamanda, Afrikadakı buzlaqlar qlobal müqayisədə daha sürətlə əriyirlər.
Afrikada quraqlıq mövsümləri daha uzun davam etmələri ilə diqqəti cəlb ediblər, xüsusilə Efiopiya, Somali, Keniya və Madaqaskarın cənubunda əhalinin həyat şəraiti çətinləşib. Cənubi Sudan, Nigeriya, Konqo Demokratik Respublikası və Burundidə isə daşqınlar insanları yaşayış yerlərini tərk etməyə vadar edib.
Hesabatda yüksələn temperaturun ərzaq məhsullarının qıtlığına da yol açdığı diqqətə çatdırılıb. 1961-ci illə müqayisədə Afrikada kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi 30 faizdən də çox aşağı düşüb. Hazırda Afrika qitəsində 58 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir. Afrikanın Aralıq dənizi sahillərində yerləşən regionlarda isə ötən il ekstremal istilər və meşə yanğınları qaçqınların sayının artmasına səbəb olub.