"Naxçıvan” Universitetində Beynəlxalq Şərq Konfransı keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyənin Orta Şərq Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hibrid rejimdə keçirilən konfransın plenar iclasında çıxış edən “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva  qeyd edib ki, “Naxçıvan” Universiteti 2021-ci ilin dekabr ayından start götürmüş və 2022-ci ilin oktyabr ayında yekunlaşacaq “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin qalibi olub. Bu gün keçirilən konfrans sözügedən layihənin yekun konfransıdır.

Rektor məlumat verib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5 oktyabr 2021-ci ildə elan etdiyi “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində dəstəklənən 9 layihədən biridir. Layihə çərçivəsində keçirilən nəzəri və praktiki təlimlərdə fəallıq göstərən “Naxçıvan” Universitetinin müəllimləri Türkiyənin Orta Şərq Texniki Universitetində “İnsan-Kompüter qarşılıqlı əlaqələri” laboratoriyasında olublar.

Plenar iclasda “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin rəhbəri Şamil Hümbətovun hesabat çıxışı olub

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasovun, Türkiyənin Orta Doğu Texniki Universitetinin müəllimi professor Kürşat Çağıltayın, “Electronic ARTS” şirkətinin UX dizayneri Aqşin Rəcəbovun və Qalatasaray Universitetinin Kommunikasiya fakültəsinin dekanı professor Kərəm Rizvanoğlunun məruzələri dinlənilib.

Yekun konfransda, həmçinin layihənin eksperti, sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə insan-kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatı da keçirilib.

Konfrans bölmə iclasları ilə davam edib. İki gün davam edəcək bölmə iclaslarında Naxçıvan, Bakı, Sumqayıt və Mingəçevirin müxtəlif ali məktəblərinin tədqiqatçıları da öz təqdimatları ilə çıxış edəcəklər.

Qeyd edək ki, “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən Beynəlxalq Şərq Konfransına Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan ümumilikdə 160 müəllifin 91 məqaləsi daxil olub. Konfransın elm komitəsi tərəfindən sadəcə 75 məqalə qəbul olunub.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: