Gənc müəllimlərlə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu günə qədər  400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb və ya “Tərəqqi” medalı ilə təltif edilib.

Nazir diqqətə çatdırıb ki, 2022-ci il yanvarın 1-dən müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Bundan əlavə yeni tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış 592 müəllimin dərs saatına görə əməkhaqlarına 35, 4110 müəllimin əməkhaqlarına isə 10 faiz əlavələr olunacaq.

Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların müəllim kimi fəaliyyət göstərməsinə öz töhfəsini verir. 2018-ci ildən bugünədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1016 gənc kadr işlə təmin olunub. 2022-ci ilin iyun ayında isə vakansiyaya çıxarılan 235 vakant yerə 1619 müraciət olub, onlardan 1130-u keçid balını toplayıb. Ən yüksək nəticə göstərən 163 gənc sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 39-u stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 36-sı şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.

Təhsil naziri gənc müəllimləri yeni işə təyin olunmaları və qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov “Gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər” barədə məlumat verib.

Gənc müəllim Günel Novruzova işlə təmin olunmalarına görə gənc kadrlar adından dövlətimizə minnətdarlığını bildirib.

Sonda yeni işə qəbul olunan müəllimlə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, işə qəbul edilən gənc müəllimlərin 3 günlük “İnnovativ müəllim” təliminə də start verilib. Təlim müddətində gənc müəllimlərə “İnnovativ müəllim necə olmalıdır?”, “Səmərəli təlim mühitinin yaradılması”, “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər”, “Müəllimlərin etik davranış qaydaları”, “Cari, perspektiv planlaşdırma və sinif jurnalının aparılması”, “Sinfin idarə olunması”, “Müəllimlərin hüquq və vəzifələri”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “Məktəbdaxili qiymətləndirmənin aparılması qaydası”  ilə bağlı ətraflı məlumat veriləcəkdir.

 

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: