Akademiyada arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində bu il ərzində aparılan arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub.
İclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bu il muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Qazıntılar Sədərək Kültəpəsində, Naxçıvantəpə yaşayış yerində və Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində davam etdirilib. Aparılan arxeoloji ekspedisiyaların nəticəsində bir sıra mühüm faktlar əldə edilib.
Bölmənin sədri diqqətə çatdırıb ki, Naxçıvan tarixinin öyrənilməsi məqsədilə müxtəlif arxeoloji qazıntılar növbəti illərdə də davam etdiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyaların rəhbəri Vəli Baxşəliyev bu il aparılan arxeoloji ekspedisiyaların nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri hesab olunur. İyun ayı ərzində Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası tərəfindən burada qazıntılar aparılıb. Burada şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunub.
Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar barədə danışan alim deyib ki, iyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən ərazidə davam etdirilən tədqiqat nəticəsində Naxçıvan şəhəri ərazisində e.ə. VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib. Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı, həmçinin indiyədək Cənubi Qafqazda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti də aşkar olunub.
Bildirilib ki, bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparıb. Bu yaşayış yeri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Erkən və Orta Eneolit dövrlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilib. Həmçinin Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm rol oynadığı məlum olub. Bu günədək Cənubi Qafqazda Erkən Eneolit dövrü abidələri aşkar olunmayıb. Uçan Ağılda aparılan araşdırmalar bu yaşayış yerinin Erkən və Orta Eneolit dövrlərinə aid olduğunu, eyni zamanda Erkən Eneolit mədəniyyətinin Kültəpənin Neolit mədəniyyəti əsasında inkişaf etdiyini göstərir. Son Neolit və Son Eneolit dövrləri arasında yaranan xronoloji boşluğu doldurmaq, köçmə maldarlığın tarixinin öyrənilməsi baxımından Uçan Ağıl yaşayış yerinin tədqiqi mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qədim yaşayış yerinə gəlib, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.
Fransanın Lion Universitetinin arxeoloqu Katherine Marro ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib, Uçan Ağıl yaşayış yerində aparılan geoloji axtarışlar barədə məlumat verib.
Müzakirələr zamanı ekspedisiyaların nəticələri ilə bağlı suallar cavablandırılıb.
Mədinə Rəhimli