Naxçıvan Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib - FOTOLAR

428

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İncəsənət fakültəsində keçirilən görüş zamanı əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin tanıtım videosu izlənilib. Görüşdə çıxış edən rektor Elbrus İsayev qeyd edib ki, artıq yüksək ballı tələbələrlə bu cür görüşlərin keçirilməsi ənənə halını alıb. Diqqətə çatdırılıb ki, qəbul nəticələri ötən illə müqayisədə bu il daha yüksək göstəricilərlə yadda qalıb. Belə ki, keçən il universitetə 600-700 bal intervalında 14 tələbə qəbul olmuşdusa, bu il bu rəqəm 25-ə çatıb.  Ali təhsil ocağının imkanlarından söz açan rektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. Bildirilib ki, tədris imkanlarını artırmaq məqsədilə universitet ərazisində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Rektor universitet kampusunda istifadəyə veriləcək Texnopark haqqında məlumat verərək diqqətə çatdırıb ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Qeyd edilib ki, yeni qurulacaq olan Texnoparkda tələbələr öz startap layihələrini hazırlayıb, həyata keçirmək imkanı əldə edəcəklər. Elbrus İsayev universitetin xarici universitetlərlə beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunub. Vurğulanıb ki, qardaş ölkə olan Türkiyənin 80-dən artıq universiteti ilə sıx əməkdaşlıq münasibətləri qurulub ki, bunlardan 20-dən artıq universitetlə məhz tibb sahəsində əməkdaşlıq edilir. Rektor Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin imkanlarından söz açıb. Diqqətə çatdırılıb ki, ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbə IELTS sertifikatı ilə təmin olunub.

         Tibb ixtisası üzrə I kurs tələbəsi, muxtar respublikada IV qrup üzrə ən yüksək nəticəni toplayan Fuad Məmiyev Naxçıvan Dövlət Universitetini seçməkdə əsas səbəbi hər iki bacısının burada təhsil alması və  ali təhsil ocağının müasir tədris üsullarına malik olması ilə əlaqələndirib.

Sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul Şəlalə Quliyeva və Lalə  Quliyeva bacılarının valideyni Samiq Quliyev öz fikirlərini bölüşüb.

Daha sonra 600 baldan yüksək nəticə göstərərək universitetə qəbul olan tələbələrə hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Məmmədbağır Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: