Gənc Müəllimlər Assosiasiyasının hesabat tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov iştirakçıların diqqətinə Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərin təltif edilməsi barədə imzaladıqları sərəncamlarla çatdıraraq, təltif olunan müəllimləri təbrik edib.

Təhsil naziri vurğulayıb ki, müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Rəhman Məmmədov qeyd edib ki, ötən il Beynəlxalq Müəllimlər Günündə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası”nın təsis konfransının keçirilməsi yadda qalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirib, gənc müəllimlərin fəallığını artırıb, onların peşəkar və fərdi inkişaflarına töhfəsini verib.

Təhsil naziri tədbir iştirakçılarını 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti barədə məlumat verərək il ərzində gənc müəllimlərlə birlikdə görülən işlərin hesabatını təqdim edib, gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkili istiqamətində təlimlərin, açıq dərslərin, kitab müzakirələrinin, bilik və idman yarışlarının təşkil olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi, Əməkdar müəllim Paşa Heydərov və Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin müəllimi, Prezident mükafatçısı, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının Şahbuz rayon üzrə idarə heyətinin üzvü Nigar Mirzəmmədova çıxış edib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Assosiasiyanın fəaliyyət istiqamətlərini əhatə edən illik iş planı təsdiq edilib.

Sonra müxtəlif nominasiyalar üzrə yüksək nəticə göstərən müəllimlərə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə  “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” filminə baxış olub.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: