İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.
Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux (Anni Erno) olub.
O bu mükafata “Özgələşmənin mənşəyini və şəxsi yaddaşın kollektiv məhdudiyyətlərinin müəyyənləşdirilməsində göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” layiq görülüb.
Annie Ernaux 1940-cı ilin 1 sentyabrında anadan olub. Universiteti bitirdikdən sonra uzun müddət ibtidai və orta məktəblərdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
İlk romanı 1974-cü ildə nəşr olunub. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib. İlk romanında və sonrakı romanlarında da daha çox avtobioqrafik motiv xarakterikdir.
Yazıçı çıxışlarında ənənəvi qaydalardan qaçdığını və özünün xəttini yaratmağa meyl etdiyini qeyd edib.
Onun eyniadlı romanı əsasında çəkilən “Hadisə” (L’evenement) filmi (rejissor Odri Diva) ötən il Venesiya film festivalının əsas mükafatını qazanıb.
Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.