NDU-da “Ümumi cərrahlıq” adlı dərsliyin təqdimatı olub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru İsa Abdullayevin “Ümumi cərrahlıq” adlı dərsliyinin təqdimatı olub.
Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev tədbirdə çıxış edərək yeni dərsliyin əhəmiyyətini vurğulayıb. Bildirib ki, tibbi kadrların hazırlanmasında maddi-texniki imkanlarla yanaşı, elmi-metodik göstəricilərin lazımi səviyyədə olması tədrisdə keyfiyyətin təşkili üçün mühüm amil hesab olunur. Azərbaycan tibb elmində səkkizinci, muxtar respublikada ilk olan dərslik, həkimlik yolunda addım atan tələbələr, rezidentlər, tədqiqatçılar üçün qiymətli metodik vəsait sayılır.
Dərsliyin rəyçisi, universitetin Tibb fakültəsinin Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi, tibb elmləri namizədi Sabir Novruzov elmi əsərdə “Cərrahlığın inkişaf tarixi”, “Antiseptika”, “Aseptika”, “Ağrısızlaşdırma və onun növləri” kimi fəsillərdə qeyd olunan müxtəlif yanaşmalar, ümumi qənaətlər və fərqləndirici xüsusiyyətlər barədə söhbət açıb. Tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov müəllifin araşdırdığı və dərslikdə geniş yer verdiyi cərrahi əməliyyatlar və onun növləri barədə maraqlı nüansları iştirakçıların diqqətinə çatdırıb.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva elmi əsər barədə çıxış edərkən nəfis tərtibatı və geniş həcmi ilə fərqlənən dərsliyi ali təhsil ocağının tələbələri və həkimlər üçün mükəmməl praktik əsər kimi qiymətləndirib. Bildirib ki, on səkkiz fəsildən ibarət olan dərsliyin bütün bölmələri, xüsusən müasir təbabətin hələ də sonadək araşdırılmamış sahəsi olan transplantologiya haqqında aparılan araşdırma zəngin məlumatlar təqdim edir.
Dərsliyin illüstrasiyalı tərtibatı barədə danışan Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif foto və qrafiklərə geniş yer verilməsini müsbət qiymətləndirib. Ümumi cərrahiyyə ixtisası üzrə həkim-rezident Samirə Həsənzadə elmi rəhbəri və dərsliyin müəllifi İsa Abdullayevə tibb sahəsinə aktual və gərəkli olan bir əsərin ərsəyə gəlməsində göstərdiyi əzmkarlığa görə oxucu qismində dərin minnətdarlığını bildirib.
Təqdimatda Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Çərkəz Cəfərov, həmin universitetin Elmi-Tədqiqat Mərkəzinin direktoru, Əməkdar elm xadimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki Qalib Qarayev, Türkiyə Cümhuriyyəti Kayseri-Erciyes Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru Ərdoğan Sözüər və digər görkəmli həkim və alimlərin videoçarx formatında təbrikləri nümayiş olunub.
Müəllif, Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru İsa Abdullayev muxtar respublikada səhiyyənin, tibbi təhsilin inkişafına göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Tədbirin sonunda tələbələrə müəllifin yeni kitabı hədiyyə olunub.