NDU-da 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu ərəfəsində, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanıb. Ulu öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. 44 günlük Vətən müharibəsindən söz açan rektor müstəqil dövlət olan Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə etməsini, öz torpaqları daxilində işğalçılara qarşı aparılan mübarizəni müstəqilliyimizin verdiyi imkanların bəhrəsi kimi qiymətləndirib.
Ali təhsil ocağının Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “Əbədi və sarsılmaz müstəqillik” mövzusu ilə bağlı çıxışında qeyd edib ki, ölkəmiz xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və yüksək nüfuz sahibi olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində iri enerji layihələrinin reallaşması və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin qüdrətlənməsinə xidmət edib.
Tarix-filologiya fakütəsinin Jurnalistika ixtisasında təhsil alan I kurs tələbələrinin bədii qiraəti iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda film nümayiş olunub.
Məmmədbağır Dünyamalıyev