Təhsilhaqqı xərclərinin qarşılanması məqsədilə növbəti müsabiqə keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən sosial həssas əhali qruplarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması məqsədilə növbəti müsabiqə elan edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində tələbələrlə müsabiqənin təşkilinə dair görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov gənclərin təhsili və fəaliyyəti üçün yaradılan şəraitdən, müsabiqənin əhəmiyyətindən danışıb, belə müsabiqələrdə gənclərin aktivliyinin önəmindən bəhs ediblər.

Bildirilib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda gənclərin hərtərəfli inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirilir və dövlət proqramları qəbul edilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi də əsas yer tutur. Keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılır.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanına əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin tam və ya qismən maliyyələşdirməsini təmin etmək məqsədilə həmin ildən ənənəvi müsabiqə keçirilir. Ötən dövrdə keçirilən müsabiqə çərçivəsində Naxçıvandan ümumilikdə 141 tələbənin 1 illik təhsilhaqqı xərcləri Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən ödənilib.

Qeyd olunub ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəyə ərizə qəbuluna başlanılıb. Sözügedən müsabiqənin qaliblərinin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsilhaqqı xərclərinin qarşılanması nəzərdə tutulur.

Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə haqqında məlumat verib.

Görüşdə 2020-ci tədris ilində təhsilhaqqından azad olunan Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fidan Ağaməmmədova müsabiqə barəsində təəssüratlarını bölüşüb, minnətdarlığını bildirib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: