Hüseyn Cavidin dil və düşüncə dünyası

A- A A+

Azərbaycan xalqının XX əsrdəki ən layiqli şair övladlarından biri ölməz sənətkar Hüseyn Caviddir. Hüsnü-xuda şairi, səma şairi, böyük ideallar şairi Cavid əfəndi keçən əsrin əvvəllərində inkişafının zirvə nöqtəsinə yüksələn Azərbaycan romantizminin ən görkəmli nümayəndəsidir. Dünya türkçülük, turançılıq hərəkatının Azərbaycandakı nümayəndəsi olan Hüseyn Cavid Məmmədtağı Sidqinin Naxçıvandakı Tərbiyə məktəbində oxuyub, 1905-ci ildə təhsil üçün o zaman türk dünyasının Məkkəsi sayılan İstanbula gedib, 4 il burada yaşayıb, İstanbul Universitetinin Ədəbiyyat fakültəsində azad dinləyici kimi təhsil alıb. Təhsil illərində o, türk romantizminin o dövrdəki adlı-sanlı nümayəndələri olan Namık Kamal, Şəmsəddin Sami, Abdulhak Hamit, Rəcaizadə Mahmud Əkrəm, Rıza Tovfiq, Cənab Şəhabəddin, Şinasi, Məhmət Akif Ərsoyla sıx yaradıcılıq əlaqəsi saxlayıb, bu mühitdə yetişib. İstanbulda qaldığı müddətdə bir tərəfdən fikir adamlarından dərs alıb, digər tərəfdən də mətbuat aləmində yaxından iştirak edib, turançıların “Sırati-Müstəqim” jurnalında üç şeirini nəşr etdirib.

Fitrətində türklük şüuru güclü olan Cavid əfəndinin ədəbi-estetik və fəlsəfi görüşlərinin formalaşmasında İstanbul mühitinin mühüm rolu olub. Belə ki, 1909-cu ildə vətənə qayıdan şair bir müddət Naxçıvan, Tiflis, Gəncə, Bakı şəhərlərində müəllim işləyib. İlk şeirlər kitabından ("Keçmiş günlər", Tiflis, 1913-cü il) ömrünün sonunadək çox sevdiyi türkçülük, turançılıq idealı ilə yaşayan şair bu düşüncələri ədəbi əsərlərin dili ilə bütün dünyaya yayıb. Bu kontekstdə H.Cavid yaradıcılığı Türkiyə-Azərbaycan ədəbi əlaqələrini əks etdirmək baxımından son dərəcə səciyyəvidir.

Cavid pyeslərinin əksəriyyətində hadisələr Türk-Turan dünyasında cərəyan edir və qəhrəmanlar bu dünyadan seçilmiş igid türk oğul və qızlarıdır. Məhz buna görə Səməd Vurğun “Vaqif” dramında Cavid əfəndini tənqid edərək:

Nədən şerimizin baş qəhrəmanı

Gah Turandan gəlir, gah da İrandan

-deyə sual verirdi.

Osmanlı Türkiyəsində və Çar Rusiyasında hələ XIX əsrin sonlarında türkçülük ideyaları yayılmağa başladığı dövrdə İsmayıl Qaspralı Krımda nəşr etdiyi “Tərcüman” qəzetində dildə birlik, fikirdə birlik, işdə birlik devizi altında türkçülük məfkurəsini təbliğ edir. Eyni işi Əlibəy Hüseynzadə Bakıda “Füyuzat” jurnalı ilə yerinə yetirirdi. Rusiyadakı 1905-1907-ci il inqilabından və Türkiyədə II məşrutiyyətin elanından sonra (1908) türkçülük ideyaları bir fəlsəfi təlimə, bir ideoloji cərəyana çevrilir. Beləliklə, bu siyasi hadisələr Türk dünyasında türkçülük şüurunun inkişafına mühüm təsir göstərdi. Türkiyədə Ziya Gökalp “Türkçülüyün əsasları”, “Qızıl alma” adlı əsərləri ilə türkçülərə işıq tutub qaynaq təşkil edirdi. Məhmət Emin Yurdaqul isə lirik bir şəkildə türkçülüyü dilə gətirirdi. Cavid Türkiyədə olarkən türkçülük fəlsəfəsini geniş mənada mənimsədi, qazandıqlarını gələcək həyatında və yaradıcılığında bir amala çevirdi. Beləcə bünövrəsi İstanbulda atılan Cavid turançılığı türk xalqlarına türkçülük ideya və məfkurəsini aşılayan, onların mənəvi dünyasındakı türk ruhuna, türkçülük düşüncəsinə nəfəs, can verən bir işıq oldu. Nəticə etibarilə İstanbulun ədəbi-mədəni mühiti, turançılıq şüuru, fəlsəfəsi onun varlığına hakim kəsilib və onun bütün əsərlərində bu ideyalar əks olunub, xüsusilə Cavidin “Qoca bir türkün vəsiyyəti”, “Afət”,  “Uçurum”, ”Azər” kimi əsərlərində türkçülük fikirləri daha qabarıqdır. Məsələn, “İblis”də Cavid türk tarixi və türkçülük konsepsiyalarının sintezi ilə türk aləmindəki mədəniyyətin önəmi haqqında bunları yazır:

Turana kılıçtan daha kəskin ulu küvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət

1917-ci ildə bir sıra şairlər Leninə mədhiyyələr uydurarkən Cavid özündəki coşqun türklük ruhunu bütün türk xalqlarının eyni dərəcədə duyması və qiymətləndirməsi üçün yazırdı:

Bir millətin tarixidir: kökü, yurdu əskik olmaz yuvası

Tariximiz baş ucundan hərgiz əskik olmasın

Altay dağı, Mahan çölü, həm də Yasin ovası

Birər aydın sahifədir, hər türk gərək anlasın

(Qoca bir türkün vəsiyyəti)

Cavid türk gəncliyini millət duyğusunun təntənəsi, Vətən, bayraq sevgisi, ədalət və həqiqət üçün mübarizəyə səsləyir, bu müqəddəs dəyərlərin türk xalqının devizi olduğuna işarə edir və türk gəncliyini bu ülvi dəyərlər uğrunda fədakarlıq göstərməyə hazır olmağa çağırırdı.

Türk oğlu sözündən dönməz

Məhv olur da sürüklənməz

Hep yüksəlmək dilər, enməz

Çarpışır yaşar.

 

Evet, arslan yavrularım, türk eli həp şanlıdır

Əlmas gibi ləkəsizdir, sakın aldanmayın

Asır yirminci asırdır! Vazifesi pək ağır...

Arş iləri!...

Qomşular yol aldı, geri qalmayın

(Qoca bir türkün vəsiyyəti)

Türkçülük fəlsəfəsi içərisində ədalət, haqq və hüququn meydana çıxardığı bir qüvvət kəlməsi də var ki, Cavid də türkün bu güc və qüdrətini tərənnüm edir, dünyaya hakim güc olaraq türk qüvvət və idrakını görmək istəyir, bunun üçün vaxtilə dünyanın türklər qarşısında diz çökdüklərini də yada salırdı:

Ulu şahlar, kibirli hakanlar

Papalar, hep halifeler hər gün

Diz çökərlərdi Türkə karşı bütün

Çünki parlardı ərlərin kılıncı

(Hərb və fəlakət)

Türkçülük fəlsəfəsinin əsas ünsürlərindən biri dildə birlik anlayışıdır. Türkçülük cərəyanının mümayəndələri Türk dünyasının dildə birliyini digər ünsürlərindən daha çox inkişaf etdiriblər. Bu ideya Cavidin İsmayıl Qaspralının (1851-1914) ölümünə yazdığı şeirdə də aydın ifadəsini tapıb:

İşdə birlik, dildə birlik, fikirdə birlik...

İş, fikir, dil birliyi olmayınca

Evet, pek çetindir cihanda dirlik.

Osmanlı türk romantikləri tək düşüncənin deyil, eyni zamanda ədəbi bir dil birliyinin də yaranmasını arzu edir, ortaq bir dil birliyi ilə dildə və fikirdə, düşüncədə birlik və beləliklə, bütöv bir türkçülük şüurunun olmasını istəyir, dil birliyinin tərkibinə milli vəzn, heca vəzni tələbini də daxil edirdilər. Beləcə türkçülər arasında türk şeirində milli vəznlə, heca vəzni ilə yazmaq düşüncəsi, ideyası meydana çıxır.

Türk romantik şeirində bunun əsas nümayəndəsi Məhmət Emin Yurdaqul olub. Cavid də əsərlərində həm əruzun, həm də hecanın mükəmməl nümunələrini yaradıb. “Azər”də heca və əruzun qovuşmasını müşahidə edirik. Prof. M.Məmmədovun təbirincə desək, Cavid heca vəznində Yunis Əmrənin ritmində, işıqlı, şux boyalarla süslənmiş şeirlərini yazıb.

Cavidin turançılığı onun dilində daha çox öz ifadəsini tapıb. Türkçülük düşüncəsinə görə ortaq dil İstanbul şivəsi olmalı idi. Cavid əfəndi də bütün yaradıcılığı boyu dil birliyinin bu mühüm şərtinə əməl edib. Məsələ bundadır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin dili də türk dili adlanıb və bu dövlət rəsmi yazışmalarda Cavid kimi ortaq dildən istifadə edib. Azərbaycan ədəbiyyatının C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, S.Rüstəm, R.Rza, M.Rahim kimi gənc qələm sahibləri də XX əsrin otuzuncu illərinin əvvəllərinə qədər Türkiyə türkcəsi ilə yazıblar. Məlumdur ki, türk dili məfhumu da 1937-ci ildə repressiyaya uğrayıb. Bu dövrdə türk dili termininin işlədilməsi yasaq edilib, onun yerinə Azərbaycan dili ifadəsi qoyulub. Bu illərdə çox sayda vətənpərvər, milli düşüncə sahibi qabaqcıl dünyagörüşlü ziyalılar həbsə atıldığı, sürgünə göndərildiyi üçün “Türk dili” ifadəsinin işlədilməsinin yasaq edilməsinə qarşı çıxacaq, bu qanunsuz əməllərə etiraz edəcək adam da qalmayıb. Təəssüf ki, türk ədəbi dilini işlədən Cavid əfəndi də sürgün edilənlər sırasındaydı. 

İstanbul türkcəsi məfhumunda ədəbi dilin iki qolu ehtiva edilib. Bir tərəfdən bu termin qəliz klassik osmanlıcanı, ərəb-fars ünsürləri ilə doldurulan yazı dilini ifadə edirdi. Xatırladaq ki, bu üslub Azərbaycan şairlərindən Məhəmməd Hadidə də müşahidə olunub. Digər tərəfdən isə ziyalıların böyük bir qismi İstanbul türkcəsi dedikdə xalq danışıq dilini qəbul edir, yeni ədəbi dili bu şəkildə təsəvvür edirdilər. Yeri gəlmişkən, M.Yurdaqulun bu beyti də İstanbul türkcəsində qələmə alınıb:

Bayraqları bayraq yapan üstündəki qandır,

Toprak, uğrunda ölen varsa, vatandır.

Bu üslublu İstanbul türkcəsini Ziya Gökalp da müdafiə edirdi.

Cavid məhz İstanbul türkcəsini ədəbi dil modeli olaraq qəbul edirdi.

C. Cabbarlı 1922-ci ildə “Zəhmət” qəzetində “Ədə­bi mübahisələr” adlı məqaləsində Cavidin əsərlərinin mövzusunu çox tənqid etsə də, dilini yüksək qiymətləndirir və düşüncələrini belə ifadə edir: “Caviddə su kimi duru, al­mas kimi saf, parlaq və oynaq bir lisan var­dır ki, bu, islahına çalışılan lisanımızın təkamül özülü ola bilə­cəkdir zənnin­də­yik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədib­ləri yara­dırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq edilə­cəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb çıxaracaqdır”.

H.Cavidin dili or­taq ədə­bi dil, Azərbaycan dilinin isla­hına cəhd göstərildiyi bu dövrdə təka­mül üçün özül sa­yılırdı. Onun dilinin nəinki  Azərbay­can, eləcə də Osmanlı türkcəsi üçün də nümunə ola biləcəyi və bu dilin bir məktəb rolunu oynayacağı dəfələrlə qeyd edilirdi.

Cavid İsmayıl Qaspıralı, Ziya Gökalp, Şinasi və Məhmət Emin Yurdaqul kimi turançıların dildə birlik prinsipini yaradıcılığında nəzərə alıb, türk dünyasının ortaq yazı dilində əsər yazmağın uğurlu nümunələrini yaradıb. Bu baxımdan Cavid yaradıcılığı ümumtürk ədəbi dilinin XX əsr Azərbaycan ədəbiyyatındakı yeganə örnəyidir. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında az da olsa bəzi ləhcə fərqləri vardır. Cavid İstanbul türkcəsini bütün incəliklərinə qədər mənimsəyib öyrənmişdi. Ona görə də görkəmli türkoloq Mehmet Fuad Köprülü hələ keçən əsrin 30-cu illərində yazırdı ki, İstabul türkcəsi ilə yazdığı əsərlərində Cavid təmiz və kamil bir üsluba malikdir.

Həqiqətən, yaradıcılığının ilk dövrlərində, xüsusilə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair sonrakı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışıb və buna nail olub. Böyük sənətkar bu iki ədəbi türkcə arasında bir körpü yaradıb, onlar arasındakı məsafəni qısaldıb. Cavidin işlətdiyi dil olduqca poetik, axıcı və cilalanmış bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə və digər türk ellərində elə bir ziyalı tapılmaz ki, Cavidi oxusun və anlamasın.

Əsərlərinin dilinə çox həssaslıqla yanaşan Cavid əfəndi, demək olar ki, bir çox əlyazmasının sonunda “İmlasına toxunmamalı” deyə yazaraq bu məsələyə çox böyük önəm verib. Kim bilir, bəlkə də bu israrı ilə o nə vaxtsa türkçülük ideyalarının, ümumtürk dilinin, ortaq türk yazı dilinin gerçək olacağını çox-çox öncədən görüb sezdi. Təəssüf ki, sovet dövründə Cavid bəraət aldıqdan sonra (1956), yəni 1958-ci ildən başlayaraq nəşr edilən əsərlərinin müəllif mətni üzərində xəbərdarlığa baxmayaraq, lüzumsuz əl gəzdirmələr, redaktələr olub, Cavidin dilinə kobud müdaxilələr edilibdir. Amma sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərancamına uyğun olaraq Hüseyn Cavidin 2005-ci ildə nəşr edilmiş beşcildliyində (bu nəşri şairin qızı Turan xanım hazırlamışdır) əvvəlki nəşrlərdəki təhriflər aradan qaldırılıb, şairin dil və üslubu qorunub, imlasına toxunulmayıb. Beləliklə, yeni nəşr olunan beşcildlik əsasında (Əsərləri) Cavid dilinin təkamülünü də izləmək, müşahidə etmək imkanı yaranıb. Qeyd edək ki, son otuz ildə Cavidin ədəbi irsi dərindən tədqiq olunub, möhtəşəm ev muzeyləri təşkil olunub, abidəsi ucaldılıb, haqqında film çəkilib və bir sıra  yaddaqalan işlər görülüb.

Xüsusilə hər il şairin doğum günündə elə doğulduğu Naxçıvan torpağında “Cavid Poeziya Günləri”nin keçirilməsi, bu il ölkə Prezidentinin görkəmli sənətkarın anadan olmasının 140 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu istiqamətdə görüləcək işlərin Tədbirlər Planını təsdiq etməsi müstəqil dövlətimizin sözə, ədəbiyyata, milli mədəniyyətə daim böyük diqqət və qayğı ilə yanaşdığının göstəricisidir.  

 

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü,

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: