Ordubad rayonu ərazisində aparılan arxeoloji ekspedisiyanın yekunu müzakirə edilib

A- A A+

AMEA Naxçıvan Bölməsində 2022-ci ildə Ordubad rayonu ərazisində aparılan arxeoloji ekspedisiyanın nəticələri barədə hesabat iclası keçirilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada illərdir davam edən yerli və beynəlxalq arxeoloji ekspedisiyalardan, əldə olunan mühüm elmi nəticələrdən söz açıb, cari ildə də arxeoloji qazıntıların uğurla davam etdirildiyini deyib. Sədərəkdə aşkar olunan qədim şəhərin qalıqlarının, Uçan Ağıl, Naxçıvantəpə yaşayış yerlərində əldə olunan tapıntıların elmə qazandırdığı mühüm nəticələrdən  də söz açan akademik vurğulayıb ki, arxeoloq-alim Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisindəki Xaraba Gilan, Plovdağ və digər qədim yaşayış yerlərində aparılan araşdırmalar Azərbaycan arxeologiya elminə yeni elmi töhfələr verib.

Cari ildə aparılan arxeoloji ekspedisiyanın yekunları ilə bağlı məruzə edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhlul İbrahimli bildirib ki, arxeoloji qazıntılar Ordubad rayonu ərazisində, Gilançayın sol sahilində II və III Plovdağ ərazisində aparılıb.

III Plovdağ nekropolunda aparılan qazıntılar zamanı kult təyinatlı tikilidə astral kultla bağlı 2 müxtəlif abidə aşkar olunaraq tədqiqata cəlb olunub.

II Plovdağ yaşayış yerində ötən il aşkar olunan qurbangahda daha əhatəli tədqiqat aparıldığını deyən alim axirətə inamla bağlı qədim insanların inancında kök salmış bəzi təsəvvürlər haqqında məlumat verib. Vurğulanıb ki, Ordubad rayonu ərazisindəki arxeoloji abidələrin sayca çoxluğuna, tarix elmi üçün əhəmiyyətinə və ərazinin mövqeyinə əsasən demək olar ki, ərazi arxeopark yaratma imkanına malikdir.

İclasda Xaraba Gilan və Plovdağ arxeoloji abidələrinin arxeoloji turizm baxımından əhəmiyyəti müzakirə olunub.

Daha sonra Bəhlul İbrahimli araşdırmaların nəticələri ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.

İclasda çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli ekspedisiyanın səmərəli nəticələrindən bəhs edərək, hesabatın qəbul olunmasını təklif ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: