Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanova beynəlxalq konfransda ölkəmizi təmsil edib   - FOTOLAR

A- A A+

20-22 oktyabr 2022-ci il tarixlərində Kocaeli Universitetinin rəhbərliyində Anadolu Elmlər Akademiyası, Beykoz Universiteti, Kocaeli Universiteti, Kocaeli Böyükşəhər Bələdiyyəsi və Kartepe Bələdiyyəsi ilə birgə hibrid model əsasında “5-ci Beynəlxalq Turizm, İqtisadiyyat, Biznes Elmləri Konfransı” (ICTEBS) keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Beynəlxalq konfransın Elmi Şurasının üzvü olan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova ölkəmizi təmsil edən tək nümayəndə olaraq tədbirdə iştirak edib.

Müxtəlif ölkələrdən 100-dən artıq elm adamının iştirak etdiyi konfransda Mehriban İmanovanın “Azərbaycanın mühasibat sistemi və dövlət sektorunda uçotun təşkili” adlı məruzəsi dinlənilib, iştirakla bağlı sertifikat və xatirə plaketi təqdim olunub. Çıxış zamanı dövlət sektorunda şəffaf maliyyə hesabatlarının hazırlanması məqsədilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının qəbulunun mühüm zərurətə çevrildiyi qeyd edilərək bu istiqamətdə görülən işlərlə bağlı məlumat verilib. Konfransda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tanıtım videosu izlənilib. Təşkil olunan qala gecəsində konfransın sədri Beykoz Universitetinin professoru Suavi Ahipaşaoğluna duzdan yonulmuş Haçadağ, təşkilatçılara Naxçıvanın simvolunu əks etdirən hədiyyələr verilib, gələcək layihələrlə bağlı müzakirələr aparılıb.

Konfransın üçüncü günü turizm şəhəri olan Kocaelinə tur təşkil edilib. Konfransın məqsədi turizm, biznes və iqtisadiyyat mövzuları ilə bağlı akademikləri və tədqiqatçıları bir araya gətirmək, onlar arasında qarşılıqlı əlaqə imkanı, elmi biliklərin paylaşılması və müzakirə edilməsi üçün mühit yaratmaq olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: