Naxçıvan Müəllimlər İnstitutunda “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda 7-ci seminar-müşavirə keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminar-müşavirədə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. Elmi-tədqiqat yalnız xüsusi istedadlı və bacarıqlı tələbələrin davamlı şəkildə işə cəlb edilməsinə deyil, eyni zamanda hər bir tələbənin yaradıcılıq prosesində bu və ya digər şəkildə iştirakına kömək etməlidir.
İnstitutun elmi katibi, dosent Qurban Qurbanlı təhsilalanların elmi-tədqiqat işlərinə verilən tələblər və onların yerinə yetirilməsi mövzusuna toxunub.
Seminar-müşavirədə 2022-2023-cü tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələrin elmi-tədqiqat işlərinin təşkili vəziyyəti haqqında professor Yusif Səfərovun, pedaqogika üzrə fəlsəfə doktorları Qızıllı Əliyeva və Südabə Məmmədovanın çıxışları dinlənilib.
İnstitutun Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyeva bildirib ki, ötən tədris ilində institutun 8 kafedrası üzrə 97 müəllimin elmi rəhbərliyi altında 217 tələbə elmi-tədqiqat işi icra edib. 2022-2023-cü tədris ilində isə 8 kafedra üzrə 91 müəllimin elmi rəhbərliyi altında 211 tələbənin elmi-tədqiqat işi icra olunmaqdadır.
Adilə Səfərova