NDU-da təhsil alan əcnəbi tələbələrə “Könüllü tibbi sığorta” kartları verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçiriblər. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova universitetdə təhsil alan əcnəbi tələbələrə yaradılan şərait və göstərilən qayğıdan danışıb.
Dövlət sığorta xidmətinin əməkdaşları sığorta növləri, sığorta müqaviləsi və məbləği barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar. Qeyd olunub ki, əcnəbi tələbələr könüllü sığorta xidmətindən yararlanaraq muxtar respublikada fəaliyyət göstərən xəstəxanalarda müəyyən güzəştlərdən istifadə edə bilərlər. Lakin epidemiya hallarında, psixotrop və narkotik maddələrdən, spirtli içkilərdən istifadə zamanı sığorta təminatı verilmir.
Sonra əcnəbi tələbələrə sözügedən güzəştlərlə əlaqədar tibbi sığorta kartları təqdim olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.