NDU-da keramika nümunələrindən ibarət sərgi keçirilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ilk dəfə olaraq keramika nümunələrindən ibarət sərgi açılıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərgidə “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əl işləri nümayiş olunub.
Bununla bağlı keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tələbələrin iştirakı ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu, müasir dövrdə keramika sənətinə də diqqətin artdığını deyib.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov və Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev keramika sənətinin tarixindən söz açıb, muxtar respublikada təsviri incəsənət sahəsində yaradılan imkanlardan və göstərilən qayğıdan danışıblar. Tələbələr arasında peşəyə marağın artdığını deyən layihə rəhbəri, Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva bildirib ki, tələbələrin cəlb olunduğu yaradıcı fəaliyyətdə hazırlanan əl işləri bu sənətin inkişafına böyük töhfə olmaqla yanaşı, həmçinin çox gözəl hədiyyə nümunələridir.
Sərgiyə gələnlərə hər bir eksponatın simvolik mənası, sənətkarlıq dəyəri izah edilib. 40-a yaxın keramika nümunəsinin nümayiş olunduğu sərgidə keramikadan hazırlanan boşqablar və digər fiqurlar üzərində bədii boyakarlıq nümunələri öz əksini tapıb. Belə ki, qədimi boyakarlıq üslubu olan miniatürlər, Naxçıvan ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələr, “Naxçıvan Dövlət Universitetinin 55 illiyi”nə həsr olunan universitet binaları, qədim toy adət-ənənələrimizin əks olunduğu keramika nümunələri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəsm əsərləri və başqa eksponatlar sərgidə nümayiş etdirilib.
Sonda əl işləri nümayiş olunan tələbələrə diplomlar təqdim olunub.
Tərlan İbrahimova
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi