Türkiyənin Naxçıvandakı baş konsulu tələbələrlə görüşüb - FOTOLAR

A- A A+

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında müxtəlif vaxtlarda ölkəmizə akkreditə olunmuş səfir və diplomatlarla bu cür görüşlərin təşkil olunmasını tələbələrə dərin bilik və təcrübələrin aşılanması baxımından yüksək qiymətləndirib.

Rektor Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin qabaqcıl ali təhsil ocaqları arasındakı qarşılıqlı əlaqələrdən də danışıb. Bildirib ki, ötən il Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirilib, qarşılıqlı müqavilələr imzalanıb. Müzakirələrdə ikili diplom layihələri, texnopark sahəsində əməkdaşlıq məsələləri, elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, xarici dillərin tədrisində müasir üsullardan səmərəli istifadə yolları öz əksini tapıb.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Nəsirova çıxış edərək görüşün keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda mühazirə oxuyub. Bildirib ki, beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa bəyannaməsi ilə bir daha təsdiq olunub. Həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət edir. 

"Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq hər il daha da genişlənir və inkişaf edir",- deyə Mehmet Emin Kiraz əlavə edib.

Naxçıvanda baş konsul kimi fəaliyyət müddətinin başa çatması ərəfəsində olduğunu bildirən Mehmet Emin Kiraz Naxçıvandakı diplomatik fəaliyyətinin karyerasında mühüm mərhələ olduğunu bildirib, görüşü yüksək qiymətləndirib və tələbələrin suallarını cavablandırıb.

Baş konsul Mehmet Emin Kiraz və rektor Elbrus İsayev qarşılıqlı hədiyyələr təqdim ediblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: