“İrəvan Müəllimlər Seminariyası - 140” mövzusunda respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “İrəvan Müəllimlər Seminariyası - 140” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans başlanmazdan əvvəl universitetin Elmi Kitabxanasının “İrəvan Müəllimlər Seminariyası-140” başlıqlı sərgisi nümayiş olunub. Sərgidə Azərbaycan pedaqoji fikir tarixində özünəməxsus yer tutan elmi nəşrlər yer alıb.

Sonra Pedaqoji fakültədə davam etdirilən konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması milli yaddaşın bərpası baxımından mühüm addımdır. Bildirilib ki, mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edən Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

Konfransa onlayn qatılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika elmləri doktoru Rüfət Hüseynzadə “İrəvan maarifçilik mühiti tarixinə bir nəzər” adlı çıxışında qeyd edib ki, tarixi, siyasi, pedaqoji əhəmiyyət kəsb edən İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə İrəvan Kişi  Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və 1884-cü ildə yaranmış İrəvan qız  progimnaziyası adlı kadr hazırlayan üç böyük tədris müəssisəsi adı altında yaranıb fəaliyyət göstərib. İrəvan Müəllimlər Seminariyasının tarixinə nəzər salan professor burada fəaliyyət göstərən ziyalıların xidmətlərindən söz açıb.

Konfransda AMEA Naxçıvan Bölməsinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev “Erməni dövlətinin yaradılmasının böyük güclərin geosiyasi planlarında yeri: tarix və reallıqlar”, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev “İrəvan mühiti və Firudin bəy Köçərli”, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev “İrəvanda Azərbaycan ədəbi mühiti” mövzularında çıxış ediblər.

Sonra onlayn rejimdə konfransın bölmə iclasları keçirilib. Bölmə iclaslarında Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, ADPU-nun Şamaxı filialı, BDU-nun Qazax filialından professor-müəllim heyəti qatılıb.

Ənənəvi bölmə iclasında isə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universitetindən bu sahədə araşdırma aparan alimlərin çıxışları dinlənilib. Ümumilikdə, konfransda 21 məruzə dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: