Dövlət İmtahan Mərkəzində (DİM) 2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid altstandartlarının tələblərinə uyğun olması qeyd olunub, bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədəmüvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanmış “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olduğundan, qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.
2023-cü ildə isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı bu il keçirilmiş imtahan modeli əsasında keçiriləcək.