Naxçıvan Dövlət Universitetində Zəfər Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Musiqi Kollecinin tələbələri tərəfindən Zəfər Gününə həsr edilmiş rəqs kompozisiyası təqdim edilib.

Sonra “Zəfər bayramı” başlıqlı rəsm sərgisinə baxış keçirilib. “Təsviri incəsənət müəllimliyi”, “Dizayn” və “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrin 44 günlük Vətən müharibəsini müxtəlif aspektlərdən işıqlandıran 44 sənət əsərinin nümayişi böyük maraqla qarşılanıb. Vətənpərvərlik, güc, zəfər sevinci mövzusunda hazırlanmış əl işləri üçün portret və kompozisiya janrlarına müraciət olunub.

Konservatoriyanın akt zalında keçirilən tədbirin davamında şəhidlərimizin xatirsəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev bildirib ki, təqvimdəki işğal tarixlərinin yerini zəfər günlərinin əvəz etməsi Azərbaycan xalqı üçün böyük tarixi uğurdur. 50 milyondan çox azərbaycanlı məhz bu qələbəyə görə sevinir.

Tədbirdə “Milli qürur, qələbə və zəfər bayramı” mövzusunda çıxış edən Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli zəfərə gedən şanlı yolda baş vermiş hadisələrə nəzər salıb. 

Tədbirdə Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Vüqar Şıxıyevin övladı, “Stomatologiya” ixtisası üzrə IV kurs tələbəsi Abutalıb Şıxıyev çıxış edərək qəhrəman atasının şanlı döyüş yolundan danışıb, qürur və fəxarət hisslərini dilə gətirib.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramı nümayiş olunub.

Elnarə İslamlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: