Akademiyada Konstitusiya Günü qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib.                

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə keçirilən referendumda ümumxalq səsverməsi ilə qəbul olunub, 27 noyabrda təsdiq olunaraq hüquqi qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət konstitusiyamızda Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu qeyd olunub. Akademik bu mühüm dövlət sənədinin hazırlanmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini qeyd edib, müxtəlif illərdə konstitusiyaya yeni dövrün tələblərinə uyğun olaraq edilmiş əlavə və dəyişiklikləri diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin qarantı və cəmiyyətin demokratik dəyəridir” mövzusunda məruzə edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev bildirib ki, konstitusiya ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olmasından bəhs edən məruzəçi bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi muxtar respublikanın statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirib.

Vurğulanıb ki, möhkəm hüquqi bazaya malik olan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin sabitlik şəraitində davamlı inkişafının qarantıdır.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: