Ordubad rayonunda bir sıra məktəblər mükafatlandırılıb - FOTOLAR

A- A A+

Ordubad rayonunda 2021-2022-ci tədris ilində uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov rayonda yaradılan müasir təhsil infrastrukturundan danışıb. Qeyd edib ki, ötən tədris ilindən bu günə kimi Pəzməri kənd ümumi orta və Əndəmic, Dırnıs, Vələver, Unus kənd tam orta məktəblərinin infrastrukturu yenilənib. Hazırda isə Azadkənd, Kələki və Xanağa məktəblərində quruculuq işləri aparılır. Yaradılan şərait bəhrəsini hər il keçirilən qəbul imtahanlarında əldə edilən yüksək nəticələrlə göstərir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində 2 ümumi, 32 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində 734 kompüter və 96 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 94 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 77 mindən çox dərsliklə təmin olunub, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılıb. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Ordubad rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 150-si müəllim kimi fəaliyyətə başlayıb, 32-si isə müxtəlif vəzifələrə təyin olunub.

Təhsil naziri qeyd edib ki, ötən tədris ili üzrə Ordubad rayon ümumtəhsil məktəblərindən qəbul imtahanlarında iştirak edən 247 məzunun 197-si və yaxud 80 faizi ali və orta ixtisas təhsil müəssisələrinin tələbəsi adını qazanıb. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərib ki, onlardan da 9-u, yəni 19 faizi Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 23 məzun 500-700 arası nəticə göstərib, 4 məzun qızıl, 2 məzun gümüş nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülüb. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Rayon məktəblərindən 16-sı qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən, yəni 76 faizdən yüksək nəticə əldə edib.

Sonra  Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edərək 2021-2022-ci tədris ilində görülən işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat verib.

Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Ordubad şəhər İnternat, 1 və 3 nömrəli, Nüsnüs, Xanağa, Kotam, Biləv, Gilançay, Kələki, Behrud, Nəsirvaz, Nürgüt, Baş Dizə, Gənzə, Əndəmiç, Aşağı və Yuxarı Əylis kənd tam orta məktəblərinə diplomlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin yekun nəticələrinə əsasən muxtar respublika üzrə Prezident təqaüdünə layiq görülən 6 tələbənin ikisi Ordubad məktəblərinin məzunlarıdır. Rayonun Kotam tam orta məktəbinin məzunu Zeynəb Mehdiyeva həm də III ixtisas qrupu üzrə muxtar respublika birincisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: