Müasir dövrdə cəmiyyətin mənəvi dirçəlişi, müəyyən dövrlə uzlaşan həyatın mənası və məqsədinin müəyyənləşdirilməsi aktual problemlərdəndir. Sürətlə dəyişən dünyada bütün nəsillər üçün ortaq bir nöqtə var: həyatın fırtınalı axınına tab gətirməyə imkan verən milli-mənəvi dəyərləri qorumaq.
Dünya elmi ədəbiyyatında qloballaşma problemlərinə həsr olunmuş xeyli sayda əsərlər mövcuddur. Ekspertlərin qloballaşma problemlərinə ümumi nöqteyi-nəzəri ondan ibarətdir ki, qloballaşma hər şeyi, istinasız olaraq dünya birliyini, bütün biosferi müxtəlif sahələrdə, o cümlədən, ölkələrin təhsil sistemlərini əhatə edən mürəkkəb və universal şəkildə əhatə edən prosesdir.
Qloballaşma proseslərinin təsiri altında sivilizasiyanın bütün gələcək taleyinə təsir edəcək köklü dəyişikliklər baş verir. Burada əsas hərəkətverici qüvvə insandır. Onun dünyagörüşü, dəyərlər sistemi, intellekt və tərbiyəsi, əxlaqi-etik münasibətləri müasir şəraitdə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalır. Belə fikir yaranır ki, dünya birliyi təkcə qlobal deyil, həm də yeni humanitar dəyişimə doğru addımlayıb və onun nəticələri təbii ki, proqnozlaşdırılmalıdır.
Qloballaşma XXI əsrin əvvəllərində dünyanın inkişaf proseslərini səciyyələndirir, genişləndirir, eyni zamanda xalqların və dövlətlərin qarşılıqlı əlaqəsini çətinləşdirir. Planetar miqyasda sosial inkişafın yeni mərhələsini: elm və texnikanın nailiyyətləri sayəsində əlaqə və sosial proseslərin yeni keyfiyyətlərini əks etdirir. İndi dünyada proseslər daha çox sərhəd tanımayan bütün və ya bir çox hökumətlərin kollektiv reaksiyasını tələb edən proseslərlə formalaşır. Qloballaşmanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, konkret ölkədə baş verən daxili hadisələr xarici siyasət fəaliyyətlərindən daha çox digər xalqlara və dövlətlərə təsir edir.
Bütün dünyanı əhatə edən, informasiyanın mütləq mövcudluğu və kapitalın çox sürətli istifadəsi ilə bağlı olan vahid informasiya məkanının formalaşması, inkişafı prosesi olan qloballaşma böyük coğrafi kəşflər dövründən başlayan və bu günə qədər davam edən inteqrasiyanın bir növ ən yüksək mərhələsidir.
Amerikalı tədqiqatçı T.Fridmana görə, qloballaşma “fərdlərə, korporasiyalara və milli dövlətlərə dünyanın istənilən yerinə əvvəlkindən daha sürətli, ucuz çatmağa imkan verən bazarların, milli dövlətlərin, texnologiyaların sarsılmaz inteqrasiyasıdır.
K.Matsuuranın fikrincə, qloballaşma təkcə iqtisadi-maliyyə prosesi deyil, həm də rabitə sahəsində yeni informasiya texnologiyalarının bütün dünyanı şəbəkə ilə əhatə etdiyi elmi-texniki tərəqqidir.
Qloballaşma məsələləri qlobal təhsil fenomeni ilə birbaşa bağlıdır. Qlobal təhsil nəzəriyyəsi ABŞ-da və Qərbi Avropanın bəzi ölkələrində XX əsrin 70-80-ci illərində yaranıb.
Qlobal təhsil anlayışına aid şərhlərə diqqət yetirək. C.Takerə görə, qlobal təhsil getdikcə mürəkkəbləşən, bir-birindən asılı olan qlobal cəmiyyətdə hər bir tələbəyə öz cəmiyyəti, ölkəsi üçün məsuliyyət hissi ilə vətəndaş olmaq üçün zəruri olan bilik, bacarıq və inanclar sistemini yaradan prosesdir.
Qlobal təhsil insanın dünyaya daxil olmasına kömək etmək, müasir həyatın mədəni, sosial, iqtisadi və digər səviyyələrində münasibətlər sisteminə ahəngdar şəkildə uyğunlaşmaq üçün nəzərdə tutulmuş ən mühüm əsaslardan biridir və öz ölkələrindən kənarda olan dünyanı bilmək imkanlarını genişləndirmək, digər ölkələrlə qarşılıqlı əlaqə mexanizmlərini və onun dünya birliyində hansı yeri tutduğunu başa düşməyə kömək etmək, habelə dünyaya başqa xalqların gözü ilə baxmağı öyrənməkdir.
V.Kukuşinə görə, qlobal təhsil müasir pedaqoji nəzəriyyə və təcrübənin inkişaf istiqamətlərindən biridir, sürətlə dəyişən dünyada artan qlobal problemlər və böhranlar şəraitində insanı həyata hazırlamaq zərurətinə əsaslanır.
Bu gün qlobal təhsil pedaqoji nəzəriyyə və təcrübənin inkişafı üçün ən perspektivli istiqamətlərdən biridir. Bu da tələbələrin özünün çoxsaylı siyasi, iqtisadi, sosial və digər problemləri ilə mürəkkəb, daim dəyişən müasir dünyada uyğunlaşmaya hazırlamağa imkan verir. Eyni zamanda tədris prosesinə qlobal baxışı təmin edən mədəniyyətin müəyyən edilməsi və dərk edilməsi yeni pedaqoji təfəkkürün əsasını təşkil edən təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması ideyaları ilə üzvi şəkildə bağlıdır.
Qloballaşma şəraitində təhsil yeni həyat tərzi, əxlaqi və mədəniyyət, davranış modellərinin sosial-mədəni özünəməxsusluğu və milli-mədəni dəyərlərin orijinallığı cəmiyyətdə yüksək maraq doğurur. Dünyanın getdikcə daha çox qarşılıqlı əlaqədə, nüfuzetmədə zəif nöqtələrə malik olduğu prosesin bazasında meqacəmiyyət formalaşmağa başlayır. Meqacəmiyyətdə isə milli-dövlət qurumları tabelikdə olan strukturun vahidləri kimi çıxış etməyə başladığından qloballaşma birinci yanaşmada dağıdıcı deyil, yaradıcı xarakter daşıyır.
Qloballaşma şəraitində təhsil sisteminin unifikasiyası öz aktuallığını daha da artırır. Qloballaşma bütöv, bir tam formasında bəşəriyyətin inteqrasiya prosesi olub, cəmiyyətin yeni inkişaf dövrü, yəni qlobal dünya əsri kimi xarakterizə olunur. Sosiologiyada qloballaşma ümuminsani, dünyəvi proseslərin ayrı-ayrı ölkələrin və xalqların, eyni zamanda bütövlükdə cəmiyyətin qarşılıqlı təsirinin daha da güclənməsi kimi başa düşülür. Qloballaşma çətin və ziddiyyətli prosesdir. Müasir fundamental tədqiqatlarda qloballaşma prosesi birmənalı qiymətləndirilmir. Ona görə də hər bir ölkə sərbəst olaraq inkişafın elə bir yolunu müəyyən etməlidir ki, bu yol onun əhalisinin əksəriyyətinin maraqlarına uyğun gəlsin.
Qloballaşma prosesinin ən vacib elementlərindən biri ümumavropa və dünya təhsil məkanına inteqrasiyanın təmin olunmasıdır. Bütövlükdə müasir sivilizasiya yeni prinsipial bir inkişaf mərhələsinə - informasiyalı cəmiyyətə keçid mərhələsinə qədəm qoyub və sürətlə irəliləməkdədir. Cəmiyyətin, təhsil sisteminin informatlaşdırılması inkişafın əsas aspektləri ilə əlaqədar olub, sürətli informasiyanın toplanması, yeni texnologiyaların yaradılması, informasiya və hesablama texnikasının inkişafı cəmiyyət və şəxsiyyət səviyyəsində innovasiyaların tətbiqi ilə sıx bağlıdır. İnformatlaşdırılmanın tərkib hissəsinin strukturunun təhlili göstərir ki, son illərdə inkişaf etmiş qabaqcıl ölkələr təhsilə böyük vəsaitlər qoyaraq, onun maksimal inkişafının və insan kapitalından səmərəli istifadənin təmin olunması istiqamətində səmərəli iş aparılar. Müasir dünya biliklər sisteminə qiymətli, həyati bacarıqlara sahib, sosial mədəni mühitə istiqamətləndirilmiş cəmiyyətdə öz yerini müəyyən etmək bacarıqlarına sahib olan insanlara böyük ehtiyacın olduğunu artıq çoxdan qəbul edib. Artıq təhsilin antropoloji əsasları müəyyən edib ki, müasir dünyada “bilikli insan” anlayışından “həyata hazır insan” anlayışına keçid nəzərə çarpacaq dərəcədə aktuallaşıb.
Sivilizasiyaların inkişafı və inteqrasiyası özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub. Bu mərhələdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də islahatların sürətləndirilməsi, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemində inifikasiya proseslərinin gücləndirilməsi əsas problem kimi dəyərləndirilməlidir.
Heç də təsadüfi deyildir ki, bir çox təhlilçi və tədqiqatçılar müasir təhsil sisteminin qarşısında duran bir çox ağır problemlər içərisində təhsilin unifikasiyalaşdırılmasının (vahid şəklə salınmasının) əhəmiyyətli yer tutduğunu xüsusi olaraq qeyd ediblər. Təhsilin qarşılaşdığı çətinliklər, keyfiyyətli tədris-təlim prosesinin qurulmasında qarşıya çıxan problemlər, ilk növbədə, fundamental pedaqoji tədqiqatların təşkili və aparılması, ilkin müəllim hazırlığı təhsilin unifikasiyası ilə şərtləndirilir.
Təhsil sahəsində ümumavropa inteqrasiya prosesinin təhlili göstərir ki, təhsil sferasında aparılan intensiv araşdırmalar təhsilin unifikasiyasının son məqsədi olmayıb, qloballaşma “dalğasının” ilk təsirləri ilə bağlıdır. Bunlar perspektivdə ümumdünya təhsil məkanının formalaşması məqsədini güdür. Bununla bağlı təhsilin qloballaşma təsirlərinə prinsipial meylliyi problemin aktuallığını daha da artırır.
Təhsildə qloballaşma tendensiyaları ümumi və milli təhsil sisteminin səviyyəsi ilə birbaşa bağlıdır. Ona görə də bütövlükdə Azərbaycan təhsil sisteminin qloballaşma prosesində mürəkkəb və vacib məsələ kimi milli-mənəvi dəyərləri, səmərəli ənənələri və təcrübəni saxlamaqla dünya təhsil sferasında layiqli yerini müəyyən etməlidir.
Təhsil sistemində unifikasiya tədbirlərinin həyata keçirilməsi son illərdə qloballaşmanın geniş vüsət alması ilə bağlıdır. Qloballaşmanın bəzi məqamları ziddiyyətli olsa da, qloballaşma kiminsə üstünlüyü, kiməsə təzyiq kimi başa düşülməməlidir. Qloballaşma və inteqrasiya prosesləri getdikcə daha böyük vüsət alır, xalqlar və ölkələr daha sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər belə əksər hallarda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılır, planetimiz getdikcə sərhədsizləşir. Şərq və Qərb sivilizasiyalarının qovuşması daim bəşəriyyətin tərəqqisinə daha çox xidmət etməyə başlayıb, mədəniyyətlər arasında əlaqələr daha da dərinləşib.
Azad yaradıcı, konstruktiv qərarlar qəbul etməyə, Vətənin və bütövlükdə dünyanın taleyi üçün məsuliyyəti dərk etməyə qadir nəsil, insan yetişdirməyi qarşıya məqsəd qoyan qlobal təhsil mərhələsində intellektual səviyyənin inkişafına geniş imkanlar yaranır. Bu imkanlar sırasına tələbələrlə yanaşı pedaqoji kadrların mənəvi potensialı və intellektual bilikləri, yaradıcı axtarışları, müəllimlərin elmi-metodiki bacarıqlarının və peşə mədəniyyətinin yüksəldilməsi və s. aid edilir.
Lalə Allahverdiyeva
Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru