“Naxçıvan” Universitetində “Beynəlxalq İpək Yolu və Naxçıvan” Beynəlxalq elmi konfransı öz işinə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri qoyub, görkəmli dövlət xadiminin adını daşıyan muzeyə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Sonra “Naxçıvan” Universitetində konfransın plenar iclası öz işinə başlayıb.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayaraq bildirib ki, Böyük İpək yolu uzun əsrlər boyu Şərqlə Qərb ölkələrinin iqtisadi, ticarət və mədəni əlaqələrinin inkişafına görə misilsiz əhəmiyyətə malik olub. Bu yolla Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanları Azərbaycanda da ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm təsir göstərib. Belə ki, Böyük İpək yolu vasitəsilə müxtəlif ticarət malları ilə birlikdə elmi və ədəbi əsərlər də aparılır, başqa ölkələrdə yayılırdı. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri məhz bu yolla digər ölkələrdə yayılıb, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin yaradıcılığından bu yolla bölgəyə gələn sənətkarlar xəbər tutub, öz yaradıcılıqlarında bu abidələrin təsirindən bəhrələniblər.
Rektor tarixi İpək Yolunun bərpası təşəbbüsünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, strateji cəhətdən əhəmiyyətli olan bu layihənin həyata keçirilməsində ən fəal tərəf Azərbaycan olub. Belə ki, ulu öndərin “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında” imzaladığı 7 iyun 1998-ci il tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Nurlana Əliyeva tarixi İpək Yolunun bərpasının dövlətimiz üçün iqtisadi faydasından və perspektivlərindən də bəhs edib.
Plenar iclasda İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Bilecik Şeyh Edebali Universitetinin rektoru Professor Beydemir Şükrü çıxış ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev "Böyük İpək yolu və Naxçıvan", Türkiyənin Milli Savunma Universitetinin professoru İbrahim Ethem Atnur "Yüzillik bir arzu: Zəngəzur koridoru və Naxçıvanın stratejik mövqeyi", AMEA Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli "Böyük İpək Yolunun Azərbaycan şəhərlərinin inkişafında rolu", Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulut "Zəngəzur dəhlizi: İqdır-Naxçıvan dəmir yolunun önəmi" mövzularında məruzə ediblər. Məruzələrdə Naxçıvanın Böyük İpək yolu üzərində yerləşən mühüm geosiyasi, strateji və coğrafi məntəqə kimi rolundan, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi nəticəsində açılması planlaşdırılan Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan regionda beynəlxalq logistika və eyni zamanda Türk dünyasını birləşdirəcək mühüm tranzit mərkəzinə çevriləcək.
Beynəlxalq elmi konfrans hədiyyələrin təqdimatından sonra bədii hissə ilə davam edib.
Konfrans öz işini Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix, arxeologiya və etnoqrafiya, Coğrafiya, Filologiya və folklorşünaslıq, Mədəniyyət və təhsil olmaqla 5 bölmə iclası ilə davam etdirir. Konfransa 150 məqalə daxil olub.
Xosrov İbrahimov