Şərur məktəbinin məzunu muxtar respublika birincisi olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayonunda uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bu gün muxtar respublika təhsilinin uğurlu inkişaf dövrünü yaşadığını, ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraiti yaradıldığını deyib.

Təhsilə göstərilən dövlət qayğısından danışan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov diqqətə çatdırıb ki, ötən tədris ili üzrə Şərur rayon ümumtəhsil məktəblərindən 520 şagird məzun olub ki, onlardan da 490-ı, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Sənəd verənlərin 348-i, yaxud 71 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olanlar əvvəlki illərlə müqayisədə 18 nəfər, yaxud 8 faiz, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə 40 nəfər, yaxud 74 faiz artıb. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərib ki, onlardan da 10-u Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Məzunlardan 33-ü 500-700 arası nəticə göstərib. 2 məzun qızıl, 3 məzun gümüş nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülüb. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Rayonda fəaliyyət göstərən məktəblərdən 23-ü qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib. Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nərmin Vəliyeva isə 692 bal toplayaraq muxtar respublika birincisi olub və Prezident təqaüdünə layiq görülüb.

Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirib.

Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şərur şəhər 2 nömrəli, Xələc, Tənənəm, Ərəbyengicə, Yuxarı Yaycı, Sərxanlı, Qarabürc, Havuş, Həmzəli, Muğancıq Mehrab, Şahbulaq, Yengicə, Kürkənd, Qarahəsənli, Muğanlı, Tumaslı, Aşağı Daşarx, Cəlilkənd, Gümüşlü, Axaməd, Siyaqut, Çərçiboğan və Qarxun kənd tam orta məktəblərinə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta məktəb fəaliyyət göstərir. Noyabrın 10-da Şərur rayon Alışar kənd tam orta məktəbi yenidən qurularaq istifadəyə verilib. Hazırda Vərməziyar və Həmzəli kənd tam orta məktəblərində quruculuq işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: