AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” kitabı nəşr olunub.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, giriş, 15 başlıq, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olan əsərdə Azərbaycanın zəngin dövlətçilik tarixinə, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salınıb, Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi, coğrafi amillərin tarixi inkişafa təsiri, Naxçıvan diyarının təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində siyasi-mədəni proseslərdə yaxından iştirakı və roluna diqqət yetirilib. Kitabda aparılan arxeoloji araşdırmalar nəticəsində Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə burada mövcud olmuş yaşayış məskənləri, şəhərsalma mədəniyyəti, ilkin dövlətçilik ənənələri ilə bağlı əldə olunan faktlar şərh olunub.
Həmçinin Naxçıvanın etnik və siyasi tarixinin də araşdırıldığı kitabda bölgənin sahib olduğu dövlətçilik ənənələrinə nəzər salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir.