Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirin birinci hissəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitab, qəzet və elmi məqalələr toplusundan ibarət əlliyə yaxın nəşr nüsxəsinin nümayiş olunduğu sərgiyə baxış olub.
Fikrət Əmirovun Kapriççiosunun səsləndirilməsi ilə başlayan tədbirin ikinci hissəsində Musiqinin tarixi və nəzəriyyəsi kafedrası əməkdaşlarının məruzələri dinlənilib. Məruzələrdə dünya şöhrətli bəstəkarın uşaqlıq və yeniyetməlik dövrü, bəstəkar kimi fəaliyyəti, özünəməxsus dəst-xətti ilə seçilən yaradıcılığı barədə məlumat verilib.
Tədbirdə həmçinin bəstəkarın opera və simfonik yaradıcılığı, vokal, balet janrında yaratdığı əsərləri haqqında da danışılıb.
Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Sərvət İbrahimov Fikrət Əmirovun yaradıcılığının müxtəlif dövrlərində instrumental musiqiyə müraciət edərək yaratdığı skripka, violençel, fortepiano, nəfəs alətləri – qoboy, klarnet, faqot üçün bəstələdiyi əsərlərin incəliklərini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Xalq artisti Çingiz Axundovun bədii rəhbərliyi və dirijorluğu ilə “Sevil” operasından Balaşın nəğməsi, Dilbərin mahnısı, “Səhər” filmindən Aslanın mahnısı, “Şeyx Sənan” pyesindən Kor Ərəbin mahnısı və “Min bir gecə” baletindən Final ifaları səsləndirilib. Tədbirin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev Fikrət Əmirov yaradıcılığını XX əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. Yüksək səviyyədə hazırlanan tədbirlə bağlı müsbət təəssüratlarını bölüşən rektor yaradıcı kollektivə uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti 15 mart 2022-ci il tarixində görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Elnarə İslamlı