Yeni nəşr olunmuş kitabların təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan dövlətçilik tarixi”, “Naxçıvan tarixindən səhifələr”, “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” və “Naxçıvan uşaq folkloru” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, kitablar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda işıq üzü görən nəşrlər Naxçıvan tarixi və folkloru ilə bağlı aparılan ardıcıl tədqiqatların davamıdır. Akademik diqqətə çatdırıb ki, “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyası, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan tarixindən səhifələr”, “Naxçıvan uşaq folkloru” kitabları bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutları əməkdaşlarının araşdırmalarının nəticəsidir. Elmin inkişafına, elm adamlarına göstərilən qayğıdan söz açan İsmayıl Hacıyev qeyd edib ki, bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən, eləcə də alimlərin özlərinin hazırladıqları kitab və monoqrafiyaların Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən nəşr etdirilməsi elmə göstərilən dövlət qayğısı olmaqla yanaşı, həm də tədqiqatçıları daha əhatəli elmi araşdırmalar aparmağa təşviq edir. İsmayıl Hacıyev kitabların nəşrinə göstərilən diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, muxtar respublikada elmə, təhsilə göstərilən diqqət və qayğı nəticəsində hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Elmin İnkişafı Fondu tərəfindən çoxlu sayda nəşr nümunələri çap olunaraq müəlliflərə, elm, təhsil, mədəniyyət müəssisələrinə təqdim olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunmuş kitablar içərisində AMEA Naxçıvan Bölməsinin kitabları xüsusi yer tutur və çoxluq təşkil edir. Naxçıvan tarixinin, mədəniyyətinin, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin, bölgənin arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti və elmin digər sahələrini əhatə edən tədqiqat əsərlərinin nəşri hər zaman diqqət mərkəzindədir. Yeni nəşr olunmuş və bu gün təqdimatı keçirilən “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan tarixindən səhifələr”, “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında”, “Naxçıvan uşaq folkloru” kitabları deyilənləri təsdiq edir.

Emin Məmmədov vurğulayıb ki, yeni nəşr olunmuş kitablar artıq muxtar respublikanın elm və təhsil ocaqlarında, mədəniyyət müəssisələrində öz yerlərini alıb və oxucuların istifadəsinə verilib. Bu kitablar Vətən tarixinin, adət-ənənələrimizin, abidələrimizin tədqiqi və təbliği baxımından yüksək qiymətləndirilir, tələbə, müəllim və tədqiqatçıların elmi fəaliyyətində mühüm mənbə rolunu oynayır.

“AMEA Naxçıvan Bölməsinin elmi potensialı gələcəkdə də sanballı tədqiqat əsərlərinin yazılmasına, az öyrənilmiş, yaxud toxunulmamış məsələlərin dərindən tədqiqata cəlb olunmasına imkan verir”, – deyən Emin Məmmədov təqdim olunan kitabları Naxçıvanşünaslığa yeni töhfə kimi qiymətləndirib.

Çıxış zamanı hər bir kitabın əhatə etdiyi məsələlərə nəzər salınıb, tədqiq olunan mövzuların – Naxçıvanın qədim tarixinin və mənəvi dəyərlərinin öyrənilməsini bütövlükdə Azərbaycanşünaslıq elmi üçün nailiyyət olduğu qeyd edilib.

Tədbidə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvan dövlətçilik tarixinə dəyərli töhfə”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Naxçıvan tarixinə həsr olunmuş sanballı tədqiqat əsəri”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvan arxeologiyası yeni araşdırmalar işığında”, İncəsənət, Dil və ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “Naxçıvan uşaq folkloru haqqında bir neçə söz” adlı mövzularda çıxışları dinlənilib. Çıxışlarda muxtar respublikada mədəni və tarixi irsin öyrənilməsi, elmi araşdırmaların səmərəliliyinin artırılması, elmi tədbirlərin təşkili üzrə layihələrin dəstəklənməsi, alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılmasından da bəhs olunub. Diqqətə çatdırılıb ki, bu gün muxtar respublika ərazisində aparılan məqsədyönlü tədqiqatlar nəticəsində müxtəlif sahələrinin öyrənilməsi, tədqiqi, təbliği və nəşri məsələləri uğurla həyata keçirilir, Naxçıvanın tarixini öyrənmək işində mühüm rol oynayan kitab və jurnallar dərc olunur, Naxçıvan alimləri öz tədqiqat işləri ilə beynəlxalq simpoziumlarda çıxış edir. Bütün bunlar muxtar respublikada elm və təhsilin inkişafı istiqamətində dövlət siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur.  

Sonda kitabların müəllifləri, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyev əsərlərinin nəşrə hazırlanmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: