NDU xəstəxanasında yeni kabinələr istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin xəstəxanasında Ürək və qan təzyiqi monitorinqi mərkəzinin, Panoram rentgen, Allerqoloji və immunoloji və İnqalyasiya kabinələrinin açılışı olub.

Universitetin rektoru Elbrus İsayev xəstəxanada yaradılan şəraitin muxtar respublika səhiyyəsinə və bu sahədə aparılan kadr hazırlığına böyük töhfələr verəcəyini diqqətə çatdırıb. Universitet xəstəxanasında bundan sonra da professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradılacağını vurğulayan rektor yeni kabinələrin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.

Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının baş həkimi Elmar Rzayev Ürək və qan təzyiqi monitorinqi mərkəzinin təqdimatı zamanı diqqətə çatdırıb ki, mərkəzin əsas vəzifəsi insanlar arasında geniş yayılan ürək və qan təzyiqi xəstəliklərinin düzgün diaqnozlaşdırılması və müalicəsinin aparılmasıdır.

Mərkəzdəki cihazlar barədə məlumat verən baş həkim vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq universitet xəstəxanasında “Stres EKQ” cihazı istifadəyə verilib. Bu cihaz vasitəsilə sakitlik vəziyyətindəki EKQ müayinəsində aşkar olunmayan gizli patologiyaları TREDMİL testinin aşkarlaya biləcəyi, eyni zamanda cihazın ürək əzələsinin qan dövranının vəziyyəti haqqında mükəmməl məlumat verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, mərkəzdə müayinələr 12 kanallı tam avtoanaliz xüsusiyyəti olan cihazla aparılır. Ürəyin fərqli ritm pozulmalarında Holter müayinəsi düzgün diaqnoz üçün vacib müayinələrdən sayılır.

Baş həkim həmçinin mərkəzdə exokardioqrafiya, spekl trəkinq exokardioqrafiya, elastoqrafiya, yuxu, böyrək və tiroid vəzin arteriyalarının doppler müayinəsinin həyata keçirildiyini deyib.

Panoram rentgen kabinəsi barədə məlumat verən Stomatologiya kafedrasının müəllimi, universitet xəstəxanasının həkim-stomatoloqu Zaur Hüseynov qeyd edib ki, rentgen bütün dişlərin, alt və üst çənənin şəkli, buradakı patologiyaların tək bir şəkildə görülməsini təmin edən üsuldur.

Allerqoloji və İmmunoloji kabinəni təqdim edən Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının həkim-pediatrı Mətləb İbrahimov son illər astma, allergik rinit, atopik dermatit və qida allergiyaları kimi xəstəliklərin artdığını bildirib. Buna paralel olaraq allergik testlərə olan ehtiyacın artdığını deyən həkim bildirib ki, artıq universitet xəstəxanasında allergik dəri prik testləri aparılır.

Sonra iştirakçılar tələbələrin müstəqil olaraq xəstələri müayinə etmə prosesi, onların elmi-tədqiqat işlərini hazırlamaları üçün xüsusi olaraq ayrılan otaqlarla tanış olublar.

Sonda Türkiyənin “TUS Time” şirkəti tərəfindən Tibb fakültəsinin kitabxanasına hədiyyə olunan vəsaitlərin təqdimatı olub.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: