Dağıstanda Xəzər dənizinin sahilində 2 min 500-ə yaxın Xəzər suitisinin (Phoca caspica) cəsədi aşkarlanıb. Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.
Zoologiya İnstitutundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, baş verən hadisə son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Suitilərin ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün tələf olmuş heyvanlardan nümunələr götürülüb.
Məsələ ilə bağlı açıqlama verən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov bildirib ki, Xəzər suitisi yay aylarında Abşeron yarımadasının Bakı arxipelaqı adaları sularında dolanır, noyabr-dekabr aylarında isə çoxalmaq üçün Şimali Xəzərin Rusiya sularında sürü halında bir yerə cəmləşirlər: “Ehtimal olunur ki, Xəzər suitisinin kütləvi şəkildə qırılmasına səbəb həmin ərazilərə axıdılan çayların suyunun güclü çirklənməsi ola bilər. Digər səbəbin isə balıqçılar tərəfindən balıq əldə etmək üçün istifadə edilən partlayıcılarla bağlı olduğu güman edilir”. O qeyd edib ki, dəqiq səbəb heyvan cəsədlərindən götürülmüş patoloji materialının laborator analizinin nəticəsindən sonra bilinəcək.
Bir neçə il əvvəl Xəzərin Azərbaycan sektorunda da suitilərin kütləvi tələfatının qeydə alındığını xatırladan S.Süleymanov bildirib ki, aparılan müşahidələr neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədar olaraq son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesinin getdiyini göstərir. Bu fakt təkcə Azərbaycan ərazisinə aiddir.
S.Süleymanov hazırda Xəzər dənizinin Azərbaycan sektorunda ölü suitilərin aşkarlanmadığını, lakin yaxın günlərdə suiti leşlərinin Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilməsi ilə bunun gözlənilən olduğunu bildirib.