AMEA Naxçıvan Bölməsi və “Naxçıvan” Universitetinin kollektivləri muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında ekskursiyada olub. Kollektivə məlumat verilib ki, 1981-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan qalereyanın missiyası rəssamların zəngin yaradıcılıq irsini təbliğ etməkdir.

Vurğulanıb ki, qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri toplanıb. Hazırda ekspozisiya zalında 47 rəsm əsəri və digər eksponatlar yer alır. Qalereyada əsasən Naxçıvan rəssamların müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri nümayiş olunur. Dəyərli əsərlər sırasında Xalq rəssamları Hüseynqulu Əliyevin, Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Əməkdar rəssam Telman Abdinovun, Həmzə Sadiqovun və digər rəssamların əsərləri xüsusilə diqqəti cəlb edir. Müxtəlif janrları əhatə edən əsərlər Naxçıvanın dünənini bu günə, bugünkü müasir inkişafını gələcəyə daşıyan dəyərli tablolar kimi kollektivdə böyük maraq oyadıb.

Naxçıvan Duz muzeyini ziyarət edən “Naxçıvan” Univesitetinin kollektivinə məlumat verilib ki, muzeyin dəyərli eksponatları Naxçıvanda ilkin şəhərsalma və istehsal mədəniyyətinin formalaşmasından xəbər verir. Buradakı eksponatlar 5-7 min il bundan əvvəl diyarımızda ilk dəfə duzun çıxarılması və nəticədə Naxçıvan şəhərinin formalaşmasını gözlər önünə sərən dəyərli nümunələrdir.

Qədim daş alətləri, çəkic, həvəngdəstə, çapacaq və daş baltalar, saxsıdan və gildən hazırlanmış duz qabları, duz torbaları, sənətkarların duzdan hazırladıqları müxtəlif fiqurlar və digər eksponatlar kollektivin diqqətini cəlb edib.

Məhluqə Rzayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: