Naxçıvan məktəbliləri “SAF-2022”nin qalibləri sırasında

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı başa çatıb. Naxçıvan məktəbliləri festivalda uğurlu nəticələr əldə ediblər.

Festivalın bağlanış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək festival qaliblərini təbrik edib, "STEAM Azərbaycan" layihəsinə dövlətimiz tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayıb.

Qeyd edək ki, festivala ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Festival iştirakçılarından 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.

Muxtar respublika məktəblilərinin də fəal iştirak etdiyi festivalda “Naxçıvan” komandası “Survivor” kateqoriyasında təqdimat nominasiyası üzrə II, “Qapıcıq” komandası isə III yerə layiq görülüb. “SAF-2022” festivalında Naxçıvanı daha böyük uğurla təmsil edən “Əlincəqala” komandası isə “Edu Dron” kateqoriyası üzrə I yerə layiq görülüb.

Ümumiyyətlə, “SAF-2022”də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb. Qalib komandalara mükafatlar təqdim edilib.

Qeyd edək ki, festival dekabrın 5-dən 9-dək keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: