NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi münasibətilə konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra görkəmli şair Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış olub.
Tədbirdə universitetin rektoru Nurlana Əliyeva Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli Sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. "Latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Bakıdakı “Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyib",- deyə rektor bildirib. "Buna görə də görkəmli ziyalı saxta ittihamlarla həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub".
“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən professor Sədaqət Həsənova onun şeirlərindən nümunələr səsləndirərək romantik şairin Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə göstərdiyi xidmətlərindən bəhs edib.
Sonra universitetin müəllimi, dosent Arifə Zeynalovanın “Əhməd Cavad şeirlərinin dil-üslub xüsusiyyətləri”, digər müəllim Şəbnəm Əhmədovanın “İstiqlal şairi Əhməd Cavad” mövzusunda çıxışları dinlənilib.
Tələbələr Əhməd Cavadın vətənpərvərlik mövzusunda şeirlərini bədii qiraət ediblər.
Yunis Allahverdiyev