Naxçıvan Müəllimlər İnstitutunda beynəlxalq elmi konfrans keçirilir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: Uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilir.

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən Beynəlxalq Elmi Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Rusiya Cənub Universitetinin rektoru İmran Əkbərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün müəllim hazırlığının qarşısında duran ən mühüm məsələlərdən biri onların həm intellekt, həm də emosional intellektlərinin formalaşdırılması, müasir müəllimin yeni çağırışlara cavab verəcək səriştələrə yiyələnməsinin təmin olunmasıdır. Bu mənada belə beynəlxalq konfransların keçirilməsi, ölkəmizdə və xarici ölkələrdə bu sahədə aparılan tədqiqatların və təcrübələrin paylaşılması ölkəmizdə və beynəlxalq aləmdə təhsil sahəsində aparılan uğurlu islahatlara, pedaqoji kadrların ixtisasartırması və təkmilləşməsinə xüsusi töhfələr verir.

Plenar müzakirələrində Naxçıvan Müəllimlər İnstitutunun professoru İsmayıl Əliyev, dosenti Çapay Quliyev əyani, Makedoniya Beynəlxalq Balkan Universitetinin professoru Ana Kechan və Rusiya Cənub Universitetinin professoru Boris Martınov onlayn formatda məruzələrlə çıxış ediblər. Məruzəçilər müəllim hazırlığının müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətini və gələcək perspektivlərini şərh ediblər.

Qeyd edək ki, konfransa müxtəlif ölkələrdən olmaqla ümumilikdə 200-dən artıq məqalə və tezis daxil olub. Konfrans 2 gün müddətində 18 bölmədə öz işini davam etdirəcək. 

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: