“Abituriyent”in xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalının 6-cı nömrəsi çapdan çıxıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, jurnalda dövlət qulluğuna qəbul üzrə müsabiqəyə - test imtahanı və müsahibə mərhələsinə hazırlaşanlar, həmçinin geniş oxucu auditoriyası üçün təhlil xarakterli yazılar, statistik məlumatlar, elmi-metodik və digər bir sıra faydalı məlumatlar verilib.
Jurnalın bu nömrəsinə DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə test imtahanlarının nəticələri barədə oktyabrın 1-nə olan statistik məlumatlar daxil edilib. Bu məlumatlar DİM tərəfindən keçirilmiş test imtahanları barədə həm ümumi, həm də aylar üzrə statistik məlumatlardan ibarətdir.
Dərc olunan materiallardan biri də test imtahanlarında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqlarının elmi-metodik təhlilidir. Nəşrdə cari ilin aprel-sentyabr aylarında dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarında namizədlər tərəfindən düzgün cavablandırılma faizi aşağı olan test tapşırıqlarının düzgün cavablandırılması ilə bağlı müvafiq izah və tövsiyələr verilib.
Bu nömrədə müsabiqənin müsahibə mərhələsi və ümumi müsahibələr barədə statistik təhlillər, müsabiqənin müsahibə mərhələsində uğur qazanmış şəxslərin, həmçinin dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş namizədlərin siyahısı və digər zəruri materiallar da əksini tapıb. Dövlət qulluğu ilə bağlı ictimaiyyəti maraqlandıran suallar və onların cavabları isə bu sahəyə marağı olan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.