NMİ-də ibtidai sinif müəllimləri üçün elmi-praktik konfrans keçirilib - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün “İnklüzivtəhsil: mahiyyəti və praktik əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ali təhsil ocağının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, institutun professor, müəllim heyəti, tələbələri və muxtar respublika ümumtəhsil məktəblərindən 60 müəllimin iştirak etdiyi konfransda institutun rektoru Azad Novruzov qeyd edib ki, müasir dövrün təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrıseçkilik edilməsinin qarşısını alır, məhdud fiziki imkanlara malik uşaqlara mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Bu işdə məsuliyyət mahiyyət etibarilə daha çox müəllim və valideynlərin, psixoloq və tərbiyəçilərin üzərinə düşür.
Konfransda “İnklüziv təhsilin mahiyyəti və müasir dövrdə təşkilinə verilən tələblər”, “Xüsusi təhsil anlayışı, mahiyyəti, muxtar respublikada xüsusi təhsil üçün mövcud şərait, imkanlar və əldə olunmuş uğurlar”, “İnklüziv təhsilin metodiki və praktiki imkanları” mövzuları ilə bağlı çıxışlar dinlənilib. Diqqətə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır. Eyni zamanda qarşılıqlı münasibətlərin formalaşmasında valideynlərə və uşaqlara məktəb psixoloqunun da yardım göstərməsi xüsusi əhəmiyyət daşıyır.
Sonda iştirakçıların mövzu ilə bağlı təklifləri qeydə alınıb, onları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova