Yunanıstanın Patras Universitetinin tədqiqatçılarının fikrincə, qədim insanlar 450 min il əvvəl Aralıq dənizini üzərək keçə biliblər.
NUHÇIXAN İnformasiya Agentliyi “Qazeta.ru”ya istinadla xəbər verir ki, alimlərin açıqlaması “Quaternary International” jurnalında dərc olunub.
Egey dənizinin adalarında insanlar 450 min ildən çox əvvəl məskunlaşıb. Orada tapılan ən qədim artefaktların təxminən 476 min il yaşı var. Əvvəllər elm adamları hesab edirdilər ki, qədim insanlar ora buz dövründə gəliblər; soyuq iqlim səbəbindən dəniz səviyyəsi aşağı düşüb və adalar materiklə birləşib.
Tədqiqatçılar həmin dövr üzrə bölgənin coğrafiyasını yenidən işləyiblər. Əvvəlki rekonstruksiyaların düzgün olmadığı müəyyən edilib. Alimlərin fikrincə, o zaman dənizin səviyyəsi ən aşağı nöqtədə indikindən təxminən 225 metr aşağı olub. Bu isə o deməkdir ki, bəzi adalar hələ də materikdən təcrid olunmuş vəziyyətdə qalıb.
“Bu, 450 min il ərzində qədim insanların qayıq düzəltdiyini və dənizlərdə üzə bildiyini birbaşa sübut edir. Çünki qədim insanların bu ərazilərə necə getməsinin başqa izahı yoxdur”, - deyə alimlər qeyd ediblər.