AMEA-nın Naxçıvan Bölməsində yeni kitabların təqdimat mərasimi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevi türk dilindən tərcümə etdiyi “Bitməyən savaş” və institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovu isə “Yurdçu və yurdçulular” kitablarının nəşrinə görə təbrik edib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Əbülfəz Quliyevin türk dilindən Azərbaycan dilinə tərcümə etdiyi Taylan Sorqunun “Bitməyən savaş” kitabının ümumi məzmunu barədə məlumat veriblər. Qeyd olunub ki, Xəlil paşanın xatirələrindən bəhs edən kitabda həmçinin sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığına və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə də geniş yer verilir.
“Yurdçu və yurdçulular” kitabı barədə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova bildiriblər ki, kitab Yurdçu kəndinin qədim tarixindən, kəndin yetirmələrindən, 1-ci və 2-ci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlər barədə oxuculara müfəssəl məlumat verir.
Leyla Cəfərzadə