Ali təhsil müəssisələrinin bakalavriat və magistratura pilləsində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması ilə bağlı qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə qəbul edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
“Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.
Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu 6 fəsil 47 maddədən ibarətdir.
Qanun layihəsinə əsasən, “Təhsil sahəsində dövlətin vəzifələri” adlı 29-cu maddəyə və “Təhsilalanların hüquq və vəzifələri” adlı 32 maddəyə dəyişikliklər edilir.
Üçüncü oxunuşda plenar iclasın gündəliyinə çıxarılan “Ümumtəhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2022-ci il 13 may tarixli Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilib.
Sənəddə internat tipli təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb. Bu da internat tipli təhsil müəssisələrinin təyinatına görə qruplaşdırıldığını ehtiva edir.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.