Naxçıvanda Türkiyə universitetləri ilə birgə simpozium keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin 55 illiyi münasibətilə ali təhsil ocağında “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət, İstanbul Texniki və Düzce universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda rektor Elbrus İsayev qonaqları salamlayıb, müasir təhsil sistemi və innovasiyalara  həsr olunmuş simpoziumun önəmini qeyd edib. Bildirib ki, "Yüksək texnologiyalar parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, xarici investisiyaların cəlb edilməsinə və insan resurslarının inkişafına öz töhfəsini verir. 
Rektor vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağında 2020-ci ildən etibarən Texnologiyalar Parkının təməli qoyulub. Texnoparkın yaradılması üçün qardaş Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edilir.

Simpoziuma onlayn qatılan İstanbul Texniki Universitetinin prorektoru, professor Bülent Güloğlu, Düzce Universitetinin prorektoru, professor İlhan Genç, İstanbul Texniki Universiteti Arı Texnologiyalar Parkının müdiri, dosent Deniz Tunçalp, Düzce Universiteti Texnologiyalar Parkının müdiri, dosent Özkan Şahin təmsil etdikləri müəssisələrin fəaliyyəti, əldə olunan uğurlar, texnoparklar və onların qurulması, eləcə də bircə əməkdaşlıq məsələləri ətrafında çıxış ediblər.

Naxçıvan Dövlət Universiteti Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, professor Teymur Abbasov texnoparkların təhsildə və iqtisadi inkişafda rolundan danışıb.

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov simpozium iştirakçılarına insan kapitalının formalaşdırılması, ölkəmizdə müasir dövrdə bu istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Düzce Universiteti Texnologiyalar Parkının müdiri, dosent Özkan Şahin, Parkın biznesin inkişafı üzrə koordinatoru Ayşe Nur Atakav mövzu ilə əlaqədar çıxış edib, müəllim və tələbələrin suallarını cavablandırıblar. 

Qeyd edək ki, 2 gün davam edən simpozium “Texnoparkın fəaliyyət istiqamətləri”, “Texnopark və təhsil”, “İqtisadi inkişafda texnoparklar”, “Texnopark və məşğulluq” bölmələri üzrə öz işini davam etdirib, 50-dən çox çıxış dinlənilib.

Qonaqlar universitet ərazisində tikintisi davam etdirilən Texnopark binasına da baxıb, ali təhsil ocağının ayrı-ayrı bölmələri ilə tanış olublar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: