Naxçıvan Müəllimlər İnstitutunda yeni kitablar təqdim olunub - FOTOLAR

A- A A+

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi şair-dramaturq Həsənəli Eyvazlının tələbə teatr studiyaları üçün nəzərdə tutulmuş “Dram əsərləri” kitabının və Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyevanın 1882-2016-cı illəri əhatə edən “Naxçıvan teatrının səhnəqrafiyası” monoqrafiyasının təqdimatı olub.

NMİ-nin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edən Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəqrafiyasının keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, təsviri sənət sahəsində ilk sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alan Həbibə Allahverdiyevanın “Naxçıvan teatrının səhnəqrafiyası” monoqrafiyasında bu mədəniyyət məbədinin səhnəqrafiyasının inkişafı, onun estetik səciyyələri geniş bir dövrdə (1882-2016) sənət ocağının ümumi fəaliyyət prinsipləri əsasında tədqiq edilib.

Həsənəli Eyvazlının yeddi pyesdən ibarət olan və tələbə teatrları üçün nəzərdə tutulmuş yeni “Dram əsərləri” kitabında isə fərqli dövrlərin yaradıcılıq leytmotivləri oxucuların nəzərinə çatdırılıb. Azad Novruzov vurğulayıb ki, bu pyeslər əhəmiyyətlilik baxımından eyni zamanda muxtar respublikanın məktəblərində fəaliyyət göstərən dram dərnəkləri üçün də əlçatan olmalıdır.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sənətşünas-alimi Nizami Alıyev və institutun əməkdaşları çıxış edərək kitablar haqqında fikirlərini bildirib, müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda  müəlliflər təşkilatçı və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: