NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti barədə məlumat verib, soydaşlarımızın birliyini təsdiq edən bu tarixi günün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmuş qərarla elan edilib. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanıb,- deyə İsmayıl Hacıyev qeyd edib.
Diqqətə çatdırılıb ki, Bu həmrəylik torpaqlarımızın azad olunmasında da bir xalq kimi gücümüzü göstərdi. 44 günlük Vətən müharibəsində xalqımızın rəşadəti bütün dünyaya bəyan olundu. Birliyimiz, həmrəyliyimiz vahid bir xalq kimi sarsılmazlığımızı nümayiş etdirdi. Bu il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Prezident İlham Əliyev Zəfər Qurultayının Şuşada keçirilməsini yüksək dəyərləndirib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva bildirib ki, ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl və qətiyyətli addımlar atılır.
Adilə Səfərova