Rusiyalı milyarder, internet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb.
NUHÇIXAN Rusiyanın “nplus1” saytına istinadla xəbər verir ki, “həyat elmləri” kateqoriyasında bu mükafata farmakoloq Frank Bennett və biyokimyaçı Adrian Kreiner layiq görülüblər. Onlar neyrodegenerativ xəstəlik - orbital əzələ atrofiyası üçün ilk dərmanın təkmilləşdirilməsi işində nailiyyətlərinə görə təltif ediliblər. Angelika Amon və Syaobey Cjuan da həmin kateqoriya üzrə mükafata layiq görülüblər.
“Fundamental fizika” kateqoriyası üzrə isə mükafatı Pensilvaniya Universitetindən Çarles Kane və Yudjin Mel qazanıblar. Onlar materialların yeni sinfinin - yalnız səthdə elektrik cərəyanını keçirən topoloji izolyatorların varlığını proqnozlaşdırdıqlarına görə təltif olunublar.
Bundan başqa, riyaziyyat sahəsi üzrə mükafat Lenqlends proqramı sahəsindəki nailiyyətlərinə görə fransalı alim Vinsent Lafforquya, fizika sahəsində xüsusi mükafat isə pulsarları kəşf edən Şimali irlandiyalı astrofizik Coselin Bernell Bellə təqdim olunub.
Eyni zamanda, münsiflər heyəti riyaziyyat və fizika sahəsində “Yeni üfüqlər (New Horizons)” kiçik mükafatının 12 laureatının adlarını açıqlayıb.
Noyabrın 4-də mükafatların təqdimat mərasimi keçiriləcək.