Akademiyada 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda konfrans keçirilib.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən konfransda əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tariximizin faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri olan Qanlı Yanvar hadisəsi, həmin dövrdə ölkədə hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Amma əksinə bu qanlı qırğın xalqımızın mübarizə əzmini daha da gücləndirdi: "20 Yanvar faciəsindən ötən 3 il ərzində bu qanlı günün beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində heç bir addım atılmayıb. İlk dəfə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra hadisələrə siyasi-hüquqi qiymət verilib".
Bölmənin əməkdaşları çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, bədii ədəbiyyatda bu hadisələrə geniş yer verilməyindən söhbət açıblar. Qeyd olunub ki, bu mübarizlik, Vətən sevgisi publisistik məqalələrlə yanaşı, bədii ədəbiyyat nümunələrində də öz əksini tapıb. Həmin əsərlərdə Naxçıvanın SSRİ-nin tərkibindən çıxarılmasının elan olunması, Azərbaycan televiziyasının enerji bloku partladıldığından 1990-cı ilin 20 yanvarında baş verən faciənin Naxçıvan televiziyası vasitəsilə 7 dildə dünyaya çatdırılması, bunları planlayan, təşkil edənlər və icra edənlər haqqında məlumatlar oxuculara böyük ustalıqla təqdim olunur.
Mədinə Rəhimli