“Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görkəmli fırça ustası, realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü münasibətilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilib. Bəhruz Kəngərli muzeyində keçirilən interaktiv dərsə 200-dən çox ümumtəhsil məktəbi qoşulub.
Dərsdə muzeyin baş fond mühafizi-elmi işçisi Zümrüd Əhmədova qeyd edib ki, milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə təhsil aldıqdan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.
Diqqətə çatdırılıb ki, fondda ümumilikdə 1300-ə yaxın eksponat vardır. Bunlardan 396-sı ekspozisiya zallarında sərgilənir. Nümayiş olunan eksponatlardan 61-i rəssamın orijinal rəsm əsərləridir.
Şagirdlərə muzeydə sərgilənən rəssamın həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Bəhruz Kəngərlinin tarixi sənəd kimi qəbul edilən “Qaçqınlar” silsiləsinə aid rəsmləri xüsusilə şagirdlərin diqqətini cəlb edib.
Novruz Məmmədov