Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” adlı guşələrin yaradılması nəzərdə tutulub. Artıq hər iki guşənin ilkin layihələri hazırlanıb. Məqsəd Vətən müharibəsində qazandığımız tarixi qələbəni, qəhrəman ordumuzun zəfər yolunu təbliğ etmək, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək, məktəblilərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsinə xidmət etməkdir.
Bu təşəbbüs ictimaiyyət, o cümlədən də şəhid ailələri tərəfindən rəğbətlə qarşılanır. Bildirirlər ki, şəhidlərin fotolarını küçələrdə, yol kənarlarında toz-torpağın altında nümayiş etdirməkdənsə, onların qəhrəmanlığını bu cür guşələrdə şagirdlərə uşaq yaşlarından çatdırmaq daha məqsədəuyğundur.
Nazirlikdən bildirilib ki, layihə təsdiqləndikdən sonra ümumtəhsil məktəblərinin foyesində sözügedən guşələr yaradılacaq.
Hafizə Əliyeva